Gənc ekoloqlar öz rəsmləri ilə ekoloji terrora qarşı çıxış edirlər
Şuşa, 19 dekabr, AZƏRTAC
“Ekosfera” sosial-ekologiya mərkəzinin əməkdaşları 8 gündür buradadırlar. Bu gün biz cəmiyyətimizin gənc üzvlərinin plakatlarını gətirmişik. Bu uşaqlar ekoklublarda, yay məktəblərində olurlar.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Ekosfera” sosial-ekologiya mərkəzinin rəhbəri Firuzə Sultanzadə bildirib.
“Ekosfera” mərkəzinin gənc üzvlərinin ekoloji terrora, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə maneçilik törədilməsinə qarşı keçirilən etiraz aksiyasında iştirak etmək istəklərindən danışan F.Sultanzadə deyib: “Biz uşaqlara ekomonitorinqlərin düzgün keçirilməsi qaydalarını öyrədirik. Onlar havada, torpaqda baş verən prosesləri təhlil və müşahidə etməyi bacarırlar. Uşaqlar bu plakatlarda Azərbaycanın ətraf mühitinin taleyinə laqeyd qalmayan böyük fəallarla, tələbələrlə, ekoloqlarla bərabər öz etirazlarını ifadə etməyə çalışıblar”.