İDMAN
Gənc güləşçimizin hədəfi dünya çempionatında qızıl medal qazanmaqdır
Bakı, 16 oktyabr AZƏRTAC
Yeniyetmələr və gənclər arasında dünya çempionatlarının qalibi olmuşam. Bu il böyüklər arasında Avropa çempionatında ilk dəfə güləşdim. Qızıl medal şanslarım yüksək olduğu halda imkanlarımdan tam istifadə edə bilmədim. Finalda rəqibimə məğlub oldum. Budapeştdə keçiriləcək dünya çempionatında hədəfim qızıl medal qazanmaqdır.
Bu sözləri AZƏRTAC-a oktyabrın 20-dən 28-dək Macarıstanda təşkil olunacaq güləş üzrə dünya çempionatında 60 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Murad Məmmədov deyib.
İstedadlı yunan-Roma güləşçisi bu yarışların onun üçün ciddi sınaq olduğunu vurğulayıb. “Dünya çempionatı rəqabət baxımından gərgin keçəcək. Amma komandamızın da hazırlığı yüksək səviyyədədir. Düşünürəm, bu çempionatda ölkəmizin idman şərəfini layiqincə qoruya biləcəyik”, - deyə Murad Məmmədov qeyd edib.