Gəncə Qarnizonunun “N” saylı hərbi hissəsində əsgərlərin həqiqi hərbi xidmətlərinin başa çatması ilə əlaqədar tədbir keçirilmişdir
Qazax, 1 iyul (AZƏRTAC, Famil Quliyev). Azərbaycan Respublikası vətəndaşlarının 2014-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 2 iyun tarixli Sərəncamının icrasına başlanılmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə Gəncə Qarnizonunun “N” saylı hərbi hissəsində təntənəli mərasim keçirilmişdir.
Əvvəlcə hərbi orkestrin müşayiəti ilə hərbi hissənin döyüş bayrağı meydana gətirilmişdir. Hərbi hissənin komandiri, polkovnik-leytenant Qorxmaz Əbilov məruzə etmiş, polkovnik Gəray Bağırov Gəncə Qarnizonunun rəisi adından şəxsi heyəti və qonaqları salamlamışdır.
Mərasim iştirakçıları Azərbaycan Respublikasının dövlət himnini ifa etmişlər.
Müdafiə Nazirliyinin mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsi rəisinin mavini, Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təbrik-müraciətini şəxsi heyətə çatdırmışdır.
Mərasimdə Böyük Vətən müharibəsinin veteranı İsmayıl Məmmədov, Əfqanıstan müharibəsinin iştirakçısı İbrahim Hacıyev və Qarabağ müharibəsinin veteranı Tahir Dərziyev, Azərbaycan Yazıçılar Birliyi Gəncəbasar bölməsinin üzvü, şairə Samirə Səma çıxış edərək hərbi xidməti uğurla başa vurmuş gənclərə səmimi arzularnı bildirmiş, hərbi xidmətə yeni başlayan əsgərlərə uğurlar diləmişlər.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Fərman Nağdəliyev bölgənin etibarlı müdafiəsində fəal iştirak etmiş döyüşçülərə rayon rəhbərliyi və ictimaiyyəti adından minnətdarlığını bildirmiş, xidmətini başa vurmuş bir qrup hərbi qulluqçuya mükafatlar təqdim etmişdir.
Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya müdafiə nazirinin və hərbi hissə komandirinin adından hədiyyələr verilmiş, döyüş bayrağı qarşısında kollektiv şəkil çəkdirilmişdir.
Rəsmi hissədən sonra Gəncə Qarnizonu Zabitlər Evi birləşmiş bədii kollektivlərinin iştirakı ilə böyük konsert olmuşdur.