İyunda havanın orta aylıq temperaturu bəzi ərazilərdə normadan yüksək olacaq
Bakı, 26 may, AZƏRTAC
İyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Bu ilin iyununda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal edilir.
Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, iyun ayının ilk günlərində bəzi rayonlarda havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturu gecələr 18-23, gündüzlər 27-32, bəzi günlərdə isə 35-38 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (9-12 millimetr).
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 17-22, gündüzlər 24-29, bəzi günlərdə 34-39 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı bildirilir (21-35 millimetr).
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-22 dərəcə isti olacaq ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturunun gecələr 13-18, gündüzlər 20-25, bəzi günlərdə 30-35 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (63-130 millimetr).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-23 dərəcə isti olacağı proqnozlaşdırılır ki, bu da iqlim normasına yaxındır. Havanın temperaturu gecələr 13-18, gündüzlər 20-25, bəzi günlərdə 28-33 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (38-86 millimetr).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 22-25 dərəcə olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 18-23, gündüzlər 27-32, bəzi günlərdə 35-38 dərəcə isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var (46-58 millimetr).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24 dərəcə olacağı bildirilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 17-22, gündüzlər 23-28, bəzi günlərdə 34-39, dağlarda isə gecə 4-9, gündüz 13-18, bəzi günlərdə 20-25 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı proqnozlaşdırılır (18-179 millimetr).
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 19-24, gündüzlər 28-33, bəzi günlərdə 35-40 dərəcə isti olacağı bildirilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (norma 12-49 millimetr).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın temperaturunun gecələr 17-22, gündüzlər 27-32, bəzi günlərdə 34-38 dərəcə isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı bildirilir (norma 29-47 millimetr).