Türkiyənin bir sıra vilayətlərində güclü leysan yağışları daşqın və selə səbəb olub
Ankara, 26 may, AZƏRTAC
Türkiyənin bir sıra vilayətlərində yağan güclü leysan yağışları daşqınlara və sel axınlarına səbəb olub.
AZƏRTAC xəbər verir ki, ölkənin şimalındakı Trabzon vilayətində bağlanan 16 yolun açılması üçün hakimiyyət orqanları onlarla texnika cəlb edib.
Qara dəniz sahilində yerləşən vilayətin Araklı rayonunda sel nəticəsində yolu kəsilən ərazidə qalan iki nəfər xilasedicilər tərəfindən xilas olunub. Trabzon bələdiyyəsinin komandası daşqının gündəlik həyata mənfi təsir göstərdiyi Sumene rayonunda da səfərbər olunub. Bu arada qonşu Giresun vilayətinin Yağlıdərə rayonunda sel sularının apardığı yerli sakinin axtarışları davam edir.
Qara dəniz bölgəsində yerləşən digər vilayət olan Tokatın rəhbərliyi əhaliyə çay məcralarına yaxınlaşmamaq və daşqın riski olan ərazilərə getməmək barədə ciddi xəbərdarlıq edib.
Siirt vilayətində də leysan yağışlarının yaratdığı fəsadlar ciddi problemlərə səbəb olub. Sel və daşqınların gətirdiyi palçıq, daş bir çox ərazilərdə nəqliyyatın hərəkətini çətinləşdirib. Palçığa batmış avtomobillərin bir hissəsi evakuatorlarla ərazidən çıxarılıb.
Ərzurumda isə bir sıra kəndin sakinləri daşqın və sel nəticəsində mal-qaranın tələf olması barədə məlumat veriblər.