Gəncə Tibb Kollecində qiymət ala bilməyən tələbələr üçün bəzi fənlər yenidən tədris ediləcək
Gəncə, 19 iyun, Rauf Hacıyev, AZƏRTAC
Gəncə Tibb Kollecində imtahan sessiyası ərəfəsində tələbələrlə onlayn görüş keçirilib.
Kollecin direktoru, Əməkdar həkim Mehman Rzayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, tədris müəssisəsində təhsil alan tələbələr iyunun 8-dən etibarən yaz imtahan sessiyası çərçivəsində onlayn qaydada şifahi şəkildə imtahan verirlər və hər imtahandan sonra, bütün qruplarla onlayn şəkildə görüşlər təşkil edilir.
“Nazirlər Kabineti yanında Operativ Qərargahın təhsil müəssisələrində fəaliyyətə qoyulan məhdudiyyət ilə əlaqədar Təhsil Nazirliyinin tövsiyəsinə əsasən digər təhsil müəssisələrində olduğu kimi Gəncə Tibb Kollecində də tələbələr onlayn imtahan verirlər. İxtisaslar üzrə bütün qrupların tələbələri üçün müəllimlərimiz tərəfindən onlayn dərslər keçirilib. İmtahanların sualları bütün tələbələrimizə internet vasitəsilə çatdırılıb. Qruplar üzrə bir neçə imtahan arxada qalıb. Vaxtaşırı internet üzərindən görüşlər təşkil edirik. Bu zaman tələbələri narahat edən məsələləri, qarşılaşdıqları problemləri müzakirə edir, onların aradan qaldırılması yollarını birgə araşdırırıq”, - deyə M.Rzayev əlavə edib.
Pandemiya dövründə, xüsusi karantin rejimində dərslərin onlayn şəkildə tədris olunduğunu bildirən kollecin direktoru bu təcrübənin həm müəllimlər, həm də tələbələr üçün bir ilk olduğunu vurğulayıb.
“Distant təhsil bizim üçün bir ilkdir. Buna baxmayaraq, bütün kollektivimiz dərslərin keçirilməsi üçün bütün imkanları səfərbər edib. Kollecimizdə yüksək sürətli internet və smart lövhələr vasitəsilə tələbələrə bütün ixtisaslar üzrə dərslər proqram üzrə tədris olunub. Təhsil müəssisəmizdə son dövrlərdə yaradılmış elektron kitabxananın olması da bu məsələdə çox köməklik edib”, - deyə M.Rzayev bildirib.
Görüşlər zamanı tələbələrin qaldırdığı məsələlərə gəlincə Mehman Rzayev qeyd edib ki, tələbələr tərəfindən ünvanlanmış bütün şikayətlər araşdırılacaq.
“Öncə qeyd etdiyim kimi onlayn tədris və imtahan kollecimiz üçün bir eksperiment idi. Təbii ki, burada həm müəllimlərimiz, həm də tələbələrimiz üçün bəzi çətinliklər yaranırdı. Nəzərə alsaq ki, kollecimizin tələbələrinin çox hissəsi Azərbaycanın müxtəlif şəhər və rayonlarındandırlar və orada internet üzərindən bağlantılarda bəzi çətinliklər yaşanırdı, belə problemlərin olması təbiidir. Bunu nəzərə alaraq qiymət ala bilməyən tələbələr üçün bəzi fənlər üzrə onlayn icmal dərslərin yenidən tədris olunması və avqust ayında növbəti onlayn imtahanların keçirilməsini nəzərdə tuturuq”,- deyə M.Rzayev əlavə edib.