Gəncədə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir
Gəncə, 4 noyabr (AZƏRTAC).Gəncədə İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə biznes forumu keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, Azərbaycan və Türkiyə tərəfdən müvafiq dövlət qurumlarının, eləcə də yerli icra hakimiyyəti orqanları nümayəndələrinin və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə keçirilən forumu AZPROMO-nun vitze-prezidenti Vidadi Quliyev açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış nailiyyətlərdən danışmış, ölkəmizdə həyata keçirilən genişmiqyaslı inkişaf və quruculuq proseslərinə xarici tərəfdaşlar tərəfindən böyük maraq göstərildiyini diqqətə çatdırmışdır. Azərbaycan-Türkiyə əlaqələrinin dünyada örnək olduğunu qeyd edən Vidadi Quliyev ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini bildirərək demişdir ki, hazırda Azərbaycanda bir çox sahələrdə türk şirkətləri, eləcə də Türkiyədə Azərbaycan şirkətləri uğurla fəaliyyət göstərirlər. Azərbaycanın xarici ölkələrə yatırdığı investisiyaların həcminə görə Türkiyə birinci yer tutur.
Sonra Türkiyə İxracatlar Məclisinin Avrasiya üzrə koordinatoru Zəfər Ünüvar iki qardaş ölkənin iştirakı ilə növbəti biznes forumunun Gəncədə keçirilməsini əhəmiyyətli hadisə adlandırmış və biznes forumun Azərbaycan-Türkiyə dostluğunun və əməkdaşlığının daha bir nümunəsi olduğunu qeyd etmişdir. Regionun inkişafında Azərbaycanın rolunu yüksək dəyərləndirən Zəfər Ünüvar ölkəmizdəki sürətli inkişafın Türkiyədə böyük maraqla izləndiyini qeyd etmiş və Türkiyə iqtisadiyyatı, Azərbaycanla mövcud iqtisadi əlaqələrin daha da genişlənməsi imkanları barədə ətraflı məlumat vermişdir.
AZPROMO-nun Biznes Məlumat Mərkəzinin direktoru Anar Qasımlının Azərbaycanın investisiya mühiti və biznes imkanlarından bəhs edən çıxışından sonra Türkiyə İxracatlar Məclisinin fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etdirilmişdir.
Biznes forumda Türkiyənin Gəncədəki baş Konsulu Haluk Ağca iştirak etmişdir.