Gəncədə partlayıcı pirotexniki vasitələr aşkarlanıb
Bakı, 25 dekabr, AZƏRTAC
Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları insanların sağlamlığına zərər yetirən, ictimai asayişin pozulmasına səbəb olan və əhalinin istirahətinə maneə yaradan partlayıcı və tezalışan maddələrin, pirotexniki məmulatların satışının və istifadəsinin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri reyd zamanı şəhər sakini K. Hüseynovanın icarə əsasında işlətdiyi köşkdən partlayıcı pirotexniki vasitələr aşkarlanaraq götürülüb. K.Hüseynova barəsində İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə (İstehsalı və ya satılması qadağan olunmuş malların istehsalı və ya satılması, yaxud qadağan edilmiş işlərin (xidmətlərin) yerinə yetirilməsi (göstərilməsi) protokol tərtib olunub.
Bu istiqamətdə tədbirlər davam etdirilir.