Gənclər arasında cüdo üzrə Bakı birinciliyinin qalib və mükafatçıları müəyyənləşib
Bakı, 29 yanvar, AZƏRTAC
Gənclər arasında cüdo üzrə Bakı birinciliyi başa çatıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yarışın yanvarın 29-da keçirilən ikinci - son günündə oğlanlar arasında 55, 81, 90, +100, qızların turnirində isə 52 kiloqram çəki dərəcələri üzrə qaliblər müəyyənləşib. Oğlanlar arasında keçirilən turnirdə Tahir Həsənli (55 kq), İsmayıl Zamanov (81 kq), Nihad Şıxəlizadə (90 kq) və Kənan Nəsibov (+100 kq) birinci yeri tutublar. Qızların yarışında isə Könül Əliyeva (52 kq) qalib olub.
Beləliklə, ümumi komanda hesabında “Neftçi” idman klubunun komandası birinci yeri tutub. İkinci yerə “Atilla”, üçüncü pilləyə isə “Kanokan - TT” idman klublarının komandaları layiq görülüblər.
Xatırladaq ki, gənclər arasında Bakı birinciliyi üzrə yarışlarda ümumilikdə 170-ə yaxın idmançı iştirak edib.