Gənclər Fondunun cari il üzrə fəaliyyət planı təsdiq olunub
Bakı, 14 aprel, AZƏRTAC
Aprelin 14-də Azərbaycan Respublikasının Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib.
Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyevin sədrliyi ilə keçirilən iclasda fondun 2022-ci il üzrə hesabatı dinlənilib, gənclər üçün təhsil və məşğulluq proqramları, gənclər təşkilatlarına dəstək mexanizmləri, gənclər sahəsində beynəlxalq əməkdaşlıq və gənclərin asudə vaxtının səmərəli təşkili istiqamətlərdə fikir mübadiləsi aparılıb. Eyni zamanda, 2023-cü il üzrə fondun fəaliyyət planı müzakirə olunaraq təsdiq edilib. Həmçinin cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə humanitar dəstək məqsədilə qardaş ölkəyə yollanan Azərbaycan könüllülərinin fəaliyyətinə dair məlumat və videotəqdimat iclas iştirakçılarının diqqətinə çatdırılıb.
Müşahidə Şurasının sədri 2023-cü ilin ölkə başçısı İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan edilməsini xüsusi qeyd edərək, Ümummilli liderin əziz xatirəsinin və irsinin gənclər arasında yaşadılması və təbliği məqsədilə müvafiq tədbirlər planının hazırlandığını bildirib və bu günədək həyata keçirilən layihələrə nəzər yetirilməsini təklif edib. Bununla əlaqədar gənclər təşkilatları üçün elan edilmiş 17-ci qrant müsabiqəsi çərçivəsində “Heydər Əliyev İli”nin prioritet mövzular siyahısına daxil edildiyi vurğulanıb. Elan Fondun müvafiq internet resurslarında (internet səhifəsində https://youthfoundation.az/?p=153672, “GencApp” mobil tətbiqi və sosial şəbəkələrdə) yerləşdirilib.
Gündəliyə uyğun olaraq, iclasda Müşahidə Şurası tərəfindən fondun fəaliyyətini tənzimləyən bir sıra qaydalara dəyişiklər edilib.
İclasda, həmçinin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” dövlət başçısının 2021-ci il 7 iyul tarixli Fərmanına uyğun olaraq, fondun nəzdində fəaliyyət göstərən Gənclərin İnkişafı və Karyera Mərkəzinin regional mərkəzlərinin yaradılması yolu ilə strukturunun təkmilləşdirilməsi qərara alınıb. Dəyişikliklər fəaliyyətin effektivliyini saxlamaqla, strukturun optimallaşdırılmasına imkan yaradacaq.
Qeyd edək ki, Gənclər Fondunun Müşahidə Şuranın tərkibinə - gənclər və idman nazirinin müavini İndira Hacıyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) sədri Azər Əliyev, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Pərviz Mirələmli, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) İdarə Heyətinin üzvü Emiliya Bayramova və Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) İdarə Heyətinin üzvü Bəxtiyar İslamov daxildir.