SİYASƏT
GƏNCLƏR İZDİHAMLI YÜRÜŞ-MİTİNQ KEÇİRMİŞLƏR
Azərbaycan Gənclərinin IV Forumunun yekun toplantısından sonra keçirilmiş yürüş-mitinqdə ölkəmizin bütün şəhər və rayonlarından olan 40 minədək gənc iştirak etmişdir. Onların əllərində dövlət bayrağımız, ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin portretləri, dövlətimizin daxili və xarici siyasətini dəstəkləyən, eyni zamanda, radikal müxalifətin əməllərini pisləyən şüarlar yazılmış transparantlar var idi.
İki saat davam edən yürüş-mitinqdə YAP Gənclər Birliyinin sədri Ramin Həsənov, “İrəli” Ümumrespublika Gənclər Hərəkatının əlaqələndiricisi Ceyhun Osmanlı, Gənclər Təşkilatları Milli Şurasının sədri Fuad Muradov və başqaları çıxış edərək, müstəqil Azərbaycan Respublikasının vətəndaşları olmalarından böyük qürur və şərəf hissi duyduqlarını, əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin bu gün davam etdirilməsindən məmnunluqlarını bildirmişlər. Natiqlər vurğulamışlar ki, qabaqcıl Azərbaycan gəncliyi Prezident İlham Əliyevin gənclərə olan diqqət və qayğısını yüksək qiymətləndirir və ölkəmizin inkişafı naminə həmişə ona arxa-dayaq olacaq, qarşıdakı parlament seçkilərində xalqın taleyini düşünən namizədlərə səs verəcəkdir.
Sonda yürüş-mitinqin iştirakçıları adından respublika gənclərinə müraciət qəbul edilmişdir.