GƏNCLƏR MÜKAFATLANDIRILMIŞLAR
Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev çıxış edərək, ümummilli liderimiz Heydər Əliyevin Sərəncamı ilə, 1997-ci ildən başlayaraq, hər il 2 fevralın Azərbaycan Gəncləri günü kimi təntənə ilə qeyd edilməsindən danışmışdır. Bildirmişdir ki, ulu öndərimiz Heydər Əliyev uşaq və gənclərin problemləri ilə daim maraqlanmış, onların sağlam və hərtərəfli inkişafı üçün dövlət səviyyəsində tədbirlərin görülməsi ilə bağlı bir çox fərman və sərəncamlar imzalamışdır. Hazırda ölkəmizdə dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət müstəqilliyimizin layiqincə qorunub saxlanılmasında mühüm xidmətləri olan gənclərin mənzil-məişət şəraiti yaxşılaşdırılır, digər sosial problemləri həll olunur.
Nazir gənclərə müraciətlə demişdir: “Sizin qarşınızda uzun yol var. Lakin o, hamar deyil. Əminəm ki, bugunkü gənclik öz istedad və bacarığı ilə bu yolu asanlıqla qət edəcəkdir”.
Sonra Milli Məclisin deputatlarının, dövlət və qeyri-hökumət təşkilatları nümayəndələrinin, elm və mədəniyyət xadimlərinin iştirakı ilə 2005-cü ilin ən yaxşı gənc idmançısı, aktyoru, rejissoru, musiqişünası, heykəltəraşı, fotoqrafı, turizm sənayesi işçisi nominasiyaları üzrə qalib gəlmiş gənclər mükafatlandırılmışlar.