Gənclər üçün sosial biliklərin inteqrasiyası proqramı təşkil edilib
Bakı, 4 iyul, AZƏRTAC
Azərbaycan Respublikasının Gənclər Fondunun “İdeyanı Reallaşdır 2022” fərdi qrant müsabiqəsinin qalibi olan “Gənclərə Sosial Biliklərin İnteqrasiyası” proqramı keçirilib.
"Gənc Könüllülər" İctimai Birliyindən AZƏRTAC-a bildiriblər ki, Bakı şəhərində Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərə Sosial Biliklərin İnteqrasiyası” proqramının əsas məqsədi gənclərə sosial sahələr üzrə təcrübənin aşılanması, komanda ilə işləmək bacarıqlarının təkmilləşdirilməsi, onların natiqlik bacarığının inkişafı, sosial və psixoloji biliklərinin artırılmasıdır.
Layihə çərçivəsində qeydiyyat və seçim mərhələlərindən uğurla keçən 30 nəfər gənc layihədə iştirak hüququ əldə edib. Layihə müddətində iştirakçılar fərdi inkişaf, komanda quruculuğu, natiqlik, sosial iş ilə psixologiyanın sahələri və prioritet istiqamətləri haqqında təlimlərdə, sosioloji və psixoloji analizlərin təkmilləşdirilməsi yönündə filmlərin izlənilməsində, qrup terapiyalarında və xüsusi qayğıya ehtiyacı olan uşaqlar ilə birgə master-klassda iştirak ediblər. Layihənin sonunda hər bir iştirakçı gəncə sertifikat təqdim olunub.
Layihənin davamlılığının qorunması məqsədilə eyni formatda layihənin ölkənin müxtəlif regionlarında həyat keçirilməsi və region gənclərinin sosial sahədə bilik və bacarıqlarının artırılması istiqamətində işlər aparılacaq.