GƏNCLƏR VƏ İDMAN NAZİRİ FUTZAL ÜZRƏ YIĞMA KOMANDANI MÜKAFATLANDIRMIŞDIR
Azərbaycanın futzal üzrə yığma komandası Çexiyanın Xrudim şəhərində dünya çempionatının qrup seçmə mərhələsinin oyunlarında yüksək hazırlıq nümayiş etdirərək üç oyundan ikisində rəqib komandalar üzərində böyük xal hesabı ilə qələbə qazanmışdır.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə martın 6-da Gənclər və İdman Nazirliyində futzal üzrə Azərbaycan yığmasının üzvləri mükafatlandırılma mərasimi keçirilmişdi.
Nazir Azad Rəhimov dünya çempionatının seçmə mərhələ oyunlarında göstərdiyi əzmkarlığa və qazanılan 2 qələbəyə görə komanda üzvlərini təbrik etmişdir. Bütün görüşlərdə yüksək ustalıq nümayiş etdirən futzalçılarımıza qarşıdakı məsul yarışlarda uğurlar arzulamışdır.
A.Rəhimov demişdir ki, Prezident İlham Əliyevin 2005-ci il 10 oktyabr tarixli Sərəncamı ilə təsdiq etdiyi “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək, idmanın bu növünün gənclər arasında təbliğinə və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaq üçün ardıcıl işlər görülür. Bu məqsədlə müxtəlif yaş qruplarını əhatə edən gənclər arasında ölkəmizdə futbolun kütləviliyinin təmin olunması, gənc nəslin sağlam həyat tərzinə meylinin artırılması üçün çoxlu sayda turnirlər keçirilmişdir. Hazırda bu iş uğurla davam etdirilir.
Natiq vurğulamışdır ki, Azərbaycanda futbolun inkişaf etdirilməsi məsələləri daim Prezident İlham Əliyevin diqqət mərkəzindədir və onun göstərişi ilə bu sahədə ciddi islahatlar həyata keçirilir. Hazırda U-17 və U-19 yaşlılarımızın hazırlıq səviyyəsi olduqca yaxşıdır və inanırıq ki, onlar ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər. Uşaq futbolunun formalaşması və inkişaf etdirilməsi istiqamətində də ardıcıl işlər görülməkdədir.
Sonda nazir futzal yığmamıza növbəti yarışlarda qələbələr arzulamışdır.
Xatırladaq ki, Çexiyanın Xrudim şəhərində keçirilən futzal üzrə dünya çempionatının seçmə mərhələsində Ermənistan (9:1) və Finlandiya (4:2) yığmalarına qalib gələn Azərbaycan millisi, meydan sahibləri ilə keçirilmiş sonuncu görüşdə 3:2 hesabı ilə məğlub olaraq qrupda ikinci yeri tutmuşdu.
######
