GENETİK EHTİYATLARA DAİR I MİLLİ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Seminarda FAO, Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutu (İPGRİ), AMEA-nın biologiya elmləri bölməsi, Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Təhsil nazirlikləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri, fermerlər iştirak edirlər.
Tədbiri AMEA-nın Biologiya Elmləri bölməsinin akademik-katibi akademik Musa Musayev açaraq, genetik ehtiyatlara dair Milli Proqramın tarixindən danışmış, onun qəbul olunduğu vaxtdan bəri görülmüş işləri, dünya şöhrətli seleksiyaçı alim, akademik Cəlal Əliyevin bu sahədə xidmətlərini xatırlatmışdır.
AMEA Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov “Biomüxtəlifliyin genetik ehtiyatları üzrə milli strategiya və ölkə hesabatının hazırlanması” mövzusunda məruzə etmişdir.
FAO-nun və Beynəlxalq Bitki Genetik Ehtiyatları İnstitutunun nümayəndəsi, proqramın region üzrə əlaqələndiricisi Məhəbbət Turdıyeva, AMEA Genetik Ehtiyatlar İnstitutunun əməkdaşı Natiqə Nəbiyeva “Qlobal Fəaliyyət Planının yerinə yetirilməsinin monitorinqinə FAO/İPGRİ-nin yeni baxışı” mövzusunda məruzə edərək, genetik ehtiyatların toplanması, bərpası, öyrənilməsi, saxlanması və səmərəli istifadəsi sahəsində Özbəkistanda və Azərbaycanda görülmüş işlər barədə məlumat vermişlər.
Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm Mərkəzinin baş direktoru Əsəd Musayevin, Üzümçülük və Şərabçılıq, Torpaqşünaslıq elmi tədqiqat institutları təmsilçilərinin çıxışlarında Qlobal Fəaliyyət Planının prioritet, o cümlədən Azərbaycan üçün öncül sahələrindən, bu planın icrasının monitorinqi və bitki genetik ehtiyatları üzrə informasiyaların milli, regional, beynəlxalq mübadiləsi, təhlili, kompyuter proqramları vasitəsilə idarə edilməsinin təşkilindən də söz açılmışdır.
Seminar martın 14-dək davam edəcəkdir.