İDMAN
Gimnast qızlarımız İtaliyada və Macarıstanda,gimnast oğlanlarımız isə Rusiyada birinci yeri tutmuşlar
Bakı, 4 noyabr (AZƏRTAC). A1 seriyasından İtaliya klub çempionatının ikinci turu Azərbaycanın gimnast qızlardan ibarət komandasının qələbəsi ilə başa çatacaqdır. Burada ölkəmizi aparıcı gimnastlardan biri olan Marina Durunda təmsil edir.
AZƏRTAC Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, Kyete şəhərindən olan “Armonia di Abruttso” klubu çox cəhətdən məhz Durundanın sayəsində rəqiblərini qabaqlamışdır. Belə ki, halqa ilə hərəkətlərə görə 17,8 bal toplamış Marina həmin alətlə çıxış edən iştirakçılar arasında ən yüksək nəticə göstərmişdir. Cəmi 100,95 bal toplamış bu komandanın aktivində 50 xal vardır. Marinanın klubu San-Corcionun “Gimnastika” komandasından 6 xal irəlidədir. Bu komandanın aparıcı gimnastı Ukrayna nümayəndəsi Qana Rizatdinovadır. Çempionatda üçüncü tur noyabrın 16-da, 2016-cı il Olimpiya Oyunlarının paytaxtı olmuş Turin şəhərində keçiriləcəkdir.
2019-cu ildə Universiadaya - miqyasına görə Olimpiya Oyunlarından sonra dünyada ikinci ən mühüm idman tədbirinə ev sahibliyi etməyə namizəd olan Budapeştdə isə yunior gimnast qızlar arasında beynəlxalq turnir başa çatmışdır. Burada “Neftçi”nin gimnast qızları uğurla çıxış edərək 3 qızıl və 2 gümüş medal qazanmışlar.
2004-cü il təvəllüdlü Arzu Cəlilova çoxnövçülükdə və predmetsiz hərəkətlərdə qalib gəlmiş, ip ilə hərəkətlərdə isə ikinci yeri tutmuşdur. 10 yaşlı Əzizə Bayram top ilə hərəkətlərdə birinci olmuş, 2005-ci il təvəllüdlü Dəniz Yusubova isə ip ilə hərəkətlərdə gümüş mükafata layiq görülmüşdür.
İdman gimnastikası ilə məşğul olan oğlanlarımız da yaxşı çıxış etmişlər. Vladimir şəhərində keçirilən turnirdə yığmamızın yunior gimnastları Kamran Hacıyev (1998-ci il) və Anton Yaşin (1997-ci il) 4 qızıl və 3 gümüş medal qazanmışlar.
Hakimlər paralel qollar və turnikdə hərəkətlərin finalında, habelə təkanla tullanmada Kamranı bütün rəqiblərindən üstün tutmuşlar. Sərbəst hərəkətlərdə və halqa ilə təmrinlərdə Anton Yaşin qalib gəlmiş, Kamran Hacıyev isə ikinci yerlə kifayətlənməli olmuşdur. Çoxnövçülükdə Anton gümüş medal qazanmış, Kamran isə dördüncü yeri tutmuşdur.