Gömrük Komitəsində “Caspian European Club”un nümayəndələri ilə müzakirələr aparılıb
Bakı, 4 mart, AZƏRTAC
Dövlət Gömrük Komitəsində (DGK) “Caspian European Club”un nümayəndələri ilə görüş keçirilib.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə DGK sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, baş idarə rəisləri, aidiyyəti qurumların rəhbərləri, “Caspian European Club”un baş icraçı direktoru Telman Əliyev və klubun üzvü olan şirkətlərin nümayəndələri iştirak ediblər.
C.Qasımov Prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində aparılan islahatlardan bəhs edib və islahatlar çərçivəsində biznes mühitinə əlverişli şəraitin yaradıldığını, biznes nümayəndələri ilə gömrük orqanları arasında səmərəli əməkdaşlığın qurulduğunu, mütəmadi olaraq xarici ticarət iştirakçıları ilə müxtəlif görüşlərin keçirildiyini diqqətə çatdırıb.
O, komitənin “Caspian European Club”la əməkdaşlığa böyük önəm verdiyini, klubun təşkilatçılığı ilə keçirilən tədbirlərdə DGK-nın fəal iştirak etdiyini bildirib və növbəti forumlarda da bu ənənənin davam edəcəyini vurğulayıb.
“Caspian European Club”un baş icraçı direktoru T.Əliyev Klubun Dövlət Gömrük Komitəsi ilə əməkdaşlığından məmnunluqla söhbət açıb. O, martın 11-də klubun “Nəqliyyat və Logistika” mövzusunda təşkil edəcəyi foruma Dövlət Gömrük Komitəsinin səlahiyyətli nümayəndələrini də dəvət edib.
Görüşün sonunda qonaqların gömrük prosedurları və gömrük rəsmiləşdirilməsi ilə bağlı sualları cavablandırılıb, bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.