Gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb
Bakı, 4 iyul, AZƏRTAC
Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonlar, siqaretlər və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkəyə keçirilməsi cəhdinin qarşısını alıblar.
Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşlarının “DAF” və “Mercedes-Benz Actros” markalı yük avtomobilləri saxlanılıb. Yoxlama zamanı nəqliyyat vasitələrindən birinin sürücüsünün üzərində gömrük nəzarətindən gizlədilən iki ədəd "Vertu" markalı mobil telefon, digər yük avtomobilinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1600 ədəd “Parliament Heets” markalı siqaret və 400 kapsul dərman preparatı aşkarlanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.