Görkəmli ədib Cəfər Cabbarlının zəngin irsindən söhbət açılıb
Bakı, 1 mart, AZƏRTAC
Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbdə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialı tərəfindən ədəbiyyatımızın görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunan tədbir keçirilib.
Muzeydən AZƏRTAC-a bildirilib ki, əvvəlcə filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı böyük dramaturqun həyat və yaradıcılığı barədə geniş məlumat verib. Azərbaycan ədəbiyyatında Cəfər Cabbarlı yaradıcılığının özünəməxsus yeri və rolu olduğunu qeyd edib, gənc nəslin tərbiyəsində onun əsərlərinin böyük təsirə malik olduğunu deyib.
Bildirib ki, qüdrətli sənətkar XX əsr Azərbaycan dramaturgiyasında, teatrında, kinosunda ilklərə imza atıb. O, milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla yanaşı, yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının əsas qayəsinə çevirib, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyub. Böyük ədibin əsərləri milli teatrda mühüm hadisə kimi dəyərləndirilib, Azərbaycan milli kinosunun yaranması və inkişafında müstəsna rol oynayıb.
Tədbirdə məktəbin müəllimi Flora Yaqubova çıxış edərək C.Cabbarlının əsərlərinin Azərbaycan tarixinin bədii ifadəsi olduğunu və ədəbiyyat tariximizdə bir epoxanı əks etdirdiyini vurğulayıb.
Daha sonra böyük dramaturqun həyat və fəaliyyətinə həsr olunan sənədli film göstərilib.
Məktəblilər Cəfər Cabbarlının “Ana”, “Ölkəm”, “Azərbaycan bayrağına”, “Oxu bülbül”, “Məhəbbət aləmi qəmdir”, “Tellər oynadı”, “Azad bir quşdum”, “Dan ulduzu” şeirlərini oxuyub, şairin dram əsərlərindən səhnəciklər nümayiş etdiriblər.
Sonda məktəbin direktoru Elmira Süleymanova çıxış edərək Prezident İlham Əliyevin “Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamını elmimizə, ədəbiyyatşünaslığımıza göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.