GÖRKƏMLİ ŞƏRQŞÜNAS ALİM AİDA İMANQULİYEVANIN XATİRƏSİ ANILMIŞDIR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) və AMEA-nın Şərqşünaslıq İnstitutunun kollektivləri, Milli Məclisin deputatları, respublika qadın ictimaiyyətinin nümayəndələri İkinci Fəxri xiyabana gələrək XX əsrin tanınmış ziyalılarından biri, görkəmli şərqşünas alim, tərcüməçi, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın xatirəsini dərin ehtiramla yad etmiş, məzarı üzərinə əklillər və gül dəstələri qoymuşlar.
Anma mərasimində komitənin sədri Hicran Hüseynova alimin həm elmi, həm də ictimai fikir tarixindəki yerindən və rolundan danışmışdır. Bildirmişdir ki, Aida xanım İmanquliyeva Azərbaycan şərqşünaslıq elminin korifeylərindən biri, yorulmaz tədqiqatçı, qayğıkeş, nəcib, həssas bir insan idi. Aida xanım Azərbaycanda ilk şərqşünas qadın alim kimi milli tariximizdə şərəfli yer tutmuşdur. Komitə sədri demişdir ki, Aida xanım İmanquliyevanın tədqiqat əsərləri və tərcümələri ədəbiyyat və mədəniyyət xəzinəmizin zəngin sərvətləridir. Qələmə aldığı bütün əsərləri bu xanımın əsl elm fədaisi, cəsarətli fikir və söz sahibi, kamil şəxsiyyət olduğunu təsdiq edir.
Aida xanım gördüyü işlər, etdiyi xeyirxahlıqlar barədə danışmağı sevməzdi. Təvazökarlıq da onun bir gözəlliyi idi. O, nəcibliyini əməlində göstərirdi. Qısa, lakin şərəfli ömrü boyu Azərbaycan elminin inkişafı yolunda bacardığını elədi. Azərbaycan Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə bu elm ocağının təkmilləşdirilməsi üçün böyük işlər gördü.
AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva alimin bu gün də aktuallığını itirməyən zəngin ədəbi irsindən danışmış, onun mühacir ərəb ədəbiyyatını dərindən tədqiq etdiyini, şərqşünaslıq elmində silinməz iz qoyduğunu bildirmişdir.
Aida xanım İmanquliyevanı tanıyanlar, dərs dediyi tələbələr onun mənəvi gözəlliyinin vurğunu idilər. Onun davranışı və rəftarı, mühazirələri tələbələrini heyran edirdi. Hər hərəkətində kübarlıq, nəciblik vardı. Tanrı ondan heç nəyi əsirgəməmişdi. Zahiri görünüş, ağıl, alicənablıq, nəciblik, özünə tələbkarlıq, ailəsinə tukənməz məhəbbət Aida xanım İmanquliyevanın insani keyfiyyətlərini səciyyələndirən əsas cəhətlər idi.
Hamıda xoş təəssürat oyatmaq, hamının sevimlisi olmaq mümkün deyil. Ancaq Aida xanım bu sevgini qazana bilmişdi. Gördüyü işlərlə, xeyirxahlığı, nəcibliyi, böyük ürəyi ilə onu sevənlərin qəlbində özünə abidə qurmuşdur. Bu gün o, övladlarının, nəvələrinin ömründə, elmimizin, ədəbiyyatımızın tərəqqisində yaşayır.
######
![]() |
![]() |

