Göyçay sakinləri üçün xeyirxah təşəbbüs
Göyçay, 8 aprel, AZƏRTAC
Respublikamızda koronavirus (COVID-19) pandemiyasının yayılma təhlükəsinə qarşı tədbirlərin gücləndirildiyi karantin rejimi şəraitində insanlar tərəfindən göstərilən yardımlar, xeyirxah təşəbbüslər də artır.
Göyçaydan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumatda bildirilir ki, Milli Məclisin deputatı Məzahir Əfəndiyev yaşlı vətəndaşlara və rayon mərkəzində gündəlik çalışmalı olan şəxslərə “Kale textil” firmasında hazırlanan qoruyucu maskalar, spirt və maarifləndirmə üçün “Evdə qal” çağırışlı bukletlər göndərib.
Göndərilən tibbi maska, spirt və bukletlər rayon icra hakimiyyətinin könüllüləri tərəfindən Mərkəzi Rayon Xəstəxanası publik hüquqi şəxsin işçilərinə, sanitar-təmizlik, abadlaşdırma və tikinti idarələrində, mənzil-istismar sahəsində çalışan fəhlələrə, yaşlı insanlara çatdırılıb.