GÖYÇAYDA 5 YENİ TİKİLMİŞ VƏ ƏSASLI TƏMİR OLUNMUŞ MƏKTƏB BİNASI İSTİFADƏYƏ VERİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 19-da Göyçay rayonunda yeni tikilmiş və əsaslı təmir olunmuş 5 orta ümumtəhsil məktəbi istifadəyə verilmişdir.
Məktəblərin açılış mərasimlərində təhsil naziri Misir Mərdanov, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış etmişlər. Ölkəmizdə gənc nəslin təhsilə mükəmməl yiyələnməsi, ixtisaslı kadrların yetişdirilməsi, məktəblərin müasir standartlar səviyyəsində yenidən qurulması və onların maddi-texniki bazasının gücləndirilməsi, tədrisin keyfiyyət göstəricilərinin artırılması məqsədi ilə görülən işlərdən, bu sahənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışılmışdır. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsil sahəsindəki xidmətlərindən söz açan natiqlər bu diqqət və qayğının Göyçay məktəblərində də daim hiss olunduğunu, rayon təhsilində ildən-ilə yeni uğurlar əldə edildiyini xatırlatmışlar.
Təhsil naziri Misir Mərdanov son 5 ildə Azərbaycanda 1300-dən artıq yeni məktəb binasının tikildiyini, 500-dən artıq orta məktəbin əsaslı təmir olunduğunu və təkcə 15 sentyabr - Bilik günündə 200-ə yaxın yeni təhsil ocağının istifadəyə verildiyini bildirmişdir. O, son 5 ildə Azərbaycan təhsilində çox ciddi dəyişikliklər hiss olunduğunu və təkcə bu il təhsilin keyfiyyət göstəricilərinin ötən illə müqayisədə 10 faiz artdığını, müəllimlərin əmək haqlarının ildə 2 dəfə qaldırıldığını qeyd etmişdir. Nazir Göyçay rayonunda eyni vaxtda tikilmiş və yenidən qurulmuş 5 orta məktəbin istifadəyə verilməsini, təhsil şöbəsi üçün yeni inzibati binanın tikintisinin davam etdirilməsini dövlətimizin təhsilə olan diqqət və qayğısının yüksək təzahürü kimi qiymətləndirmişdir.
Tədbirlərdə nazirə məlumat verilmişdir ki, son 5 ildə Göyçayda 7 yeni məktəb binası inşa edilmiş, 5 məktəb əsaslı təmir olunmuş, 4 məktəbin yanında əlavə sinif otaqları tikilmişdir. Bu məktəblərin hamısı müasir texniki avadanlıqla və istilik sistemi ilə təchiz edilmişdir.