Göyçayda tibb işçiləri mükafatlandırılıb
Göyçay, 17 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun səhiyyə işçiləri peşə bayramlarını qeyd ediblər. Tibb işçiləri əvvəlcə ulu öndər Heydər Əliyevin Göyçay şəhərindəki abidəsi önünə əklil və gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən tədbirin iştirakçıları Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən foto-şəkillərə baxıblar.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə, rayon mərkəzi xəstəxanasının baş həkimi Famil Zeynalov insanların sağlamlığının keşiyində duran səhiyyə işçilərini bayram münasibətilə təbrik edib, onlara bu şərəfli işdə uğurlar arzulayıblar.
Çıxışlarda son illər Azərbaycan səhiyyəsinin yenidən qurulduğu və sürətlə inkişaf etdiyi vurğulanıb, yeni tibb müəssisələrinin, sağlamlıq mərkəzlərinin yaradıldığı, müasir tibbi avadanlığın ölkəyə gətirildiyi, mövcud səhiyyə ocaqlarının əsaslı təmir edilərək əhalinin istifadəsinə verildiyi diqqətə çatdırılıb. Bildirilib ki, tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyun tarixli Sərəncamına əsasən, hər il iyunun 17-si Azərbaycanda Tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu əlamətdar günün təsis edilməsi ulu öndər Heydər Əliyevin səhiyyə işçilərinə, onların fədakar əməyinə, eləcə də əhalinin sağlamlığına göstərdiyi diqqət və qayğısının parlaq təzahürü kimi yaddaşlarda qalıb. Natiqlər Azərbaycanın səhiyyə tarixinin inkişafını ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə əlaqələndirib, onun uğurlu siyasəti nəticəsində hər bir sahədə olduğu kimi, səhiyyə sistemində də müsbət dəyişikliklərin baş verdiyini qeyd ediblər.
Tədbirdə çıxış edən tibb işçiləri milli səhiyyəmizin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Sonra səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən 17 nəfər həkim və orta tibb işçisinə fəxri fərman, qiymətli hədiyyə və pul mükafatı verilib.