Şəhərlərin dirçəlişi və mədəni irs: WUF13-də “Secure” modeli müzakirə olunub - YENİLƏNİB
Bakı, 21 may, AZƏRTAC
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində mayın 21-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə "Secure Model-Münaqişədənsonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı panel sessiya keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə üzv dövlətlərdən nümayəndələr, BMT sistemi təmsilçiləri, vətəndaş cəmiyyəti institutları, mədəni irs üzrə beynəlxalq və yerli ekspertlər, eləcə də akademik dairələrin nümayəndələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Fərid Cəfərov Azərbaycanın şəhərsalma, şəhər inkişafı və zəngin mədəni ənənələri sahəsində beynəlxalq səviyyədə tanınan bir ölkə kimi bu mühüm tədbirə ev sahibliyi etməsinin əhəmiyyətindən danışıb.
Nazir müavini diqqətə çatdırıb ki, mədəni irsin qorunması təkcə mədəni məsələ deyil, həm də ümumbəşəri humanitar məsuliyyətdir və davamlı inkişafla sabitliyin əsas sütunlarından biridir.
O vurğulayıb ki, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasından sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə genişmiqyaslı bərpa proqramına start verilib. O cümlədən “Böyük Qayıdış” Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura dönüş həyata keçirilir.
"Cəmi bir neçə il ərzində dağıntılar dirçəlişə çevrilib. Azad edilmiş ərazilərdə yeni şəhərlər, kəndlər, körpülər, məktəblər, muzeylər, mədəniyyət müəssisələri və yaşıl enerji infrastrukturu inşa olunur. Tarixi məscid və abidələr bərpa edilir, mədəni həyat isə yenidən canlanır", - deyə nazir müavini qeyd edib.
BMT-nin Sivilizasiyalar Alyansının direktoru Nihal Saad videobağlantı ilə çıxışında şəhərlərin yalnız beton və infrastrukturlardan ibarət deyil-onların mədəniyyət, yaddaş və kimlik üzərində qurulduğunu deyib. O diqqətə çatdırıb ki, insan mərkəzli yanaşma və aidiyyət hissinin gücləndirilməsi bu məsələdə əsas rol oynayır.
O vurğulayıb ki, bu kontekstdə irsin dirçəldilməsi mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynayır. "İstər tarixi, istərsə də müasir insan fəaliyyəti ilə formalaşmış irsi canlandırdıqda, biz yalnız keçmişi qorumaqla kifayətlənmirik-müxtəlif icmaların bir-biri ilə qarşılaşdığı, fikir mübadiləsi apardığı və etimad qurduğu ortaq məkanlar yaradırıq. Etimadın qurulması burada əsas şərtlərdən biridir. Bu proses mədəniyyətlərarası dialoqun inkişafı üçün zəruri olan şəraiti formalaşdırır", - deyə o qeyd edib.
Mədəniyyət Nazirliyinin sektor müdiri Araz Bağırlının moderatorluğu ilə keçirilən paneldə UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru Lazar Elundu Assomo, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzinin baş direktoru Mahmud Erol Kılıç, ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov, AQEM Baş katibinin müavini Fərid Dəmirli, ICCROM-un davamlı şəhərsalma və tikilmiş irsin qorunması, fəlakət və iqlim risklərinin idarə olunması, eləcə də böhrandan sonrakı bərpa üzrə proqram meneceri Rohit Cigyasu çıxış ediblər.
Çıxışlarda “Secure” modelinin təqdimatı çərçivəsində münaqişədən sonrakı dövrlərdə şəhərlərin bərpası və yenidən qurulması prosesində mədəni irsin qorunması, şəhər kimliyinin bərpası və icmaların sosial dayanıqlılığının gücləndirilməsi kimi mühüm mövzular müzakirə olunub. Eyni zamanda, inklüziv şəhərsalma yanaşmaları, dayanıqlı inkişaf prinsipləri və mədəniyyətin şəhər regenerasiyasındakı rolu barədə geniş fikir mübadiləsi aparılıb.
Çıxışçılar “Secure” modelinin bu istiqamətlər üzrə vahid və sistemli yanaşma təqdim etdiyini vurğulayaraq, mədəniyyətin yalnız qorunmalı irs deyil, həm də şəhərlərin gələcək inkişafını formalaşdıran strateji resurs olduğunu qeyd ediblər.