Aygün Əliyeva: WUF13 çərçivəsində Bakıda ilk dəfə QHT forumu keçirilib
Bakı, 21 may, AZƏRTAC
Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) keçirilməsi üçün yaradılmış Təşkilat Komitəsinin üzvüdür. İstər Bakı Urban Həftəsi çərçivəsində, istərsə də bu proseslərin başladığı ilk gündən etibarən Azərbaycan qeyri-hökumət təşkilatları aktiv fəaliyyət göstərirlər.
Bu sözləri Bakıda keçirilən WUF13 çərçivəsində AZƏRTAC-a açıqlaması zamanı Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva deyib.
“Müxtəlif mövzularda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 4 görüş keçirib və öz pavilyonunda 60 yaxın tədbir təşkil edib. Bakı Urban Həftəsində Türk Dövlətlər Təşkilatına üzv ölkələrdə fəaliyyət göstərən QHT-lər İkinci Həmrəylik Forumu, həmçinin Qlobal Cənub QHT platforması Baş Assambleyası kimi çox mühüm tədbirlər həyata keçirib. Mayın 19-da isə WUF prosesində ilk dəfə olaraq müxtəlif ölkələri təmsil edən QHT forumu təşkil olundu. Bu forumda 100-dən artıq ölkədən 800-ə yaxın nümayəndə iştirak edib ki, bu da mühüm əhəmiyyət daşıyır. Bu tədbirdə QHT-lərə təcrübə mübadiləsi və əməkdaşlıq əlaqələrini qurmaq üçün imkan yaradılıb”, - deyə A. Əliyeva vurğulayıb.