ICESCO mədəni irsin bərpası üçün Qarabağa texniki missiya həyata keçirib
Bakı, 21 may, AZƏRTAC
ICESCO azad olunmuş ərazilərdə mədəni irsin dirçəldilməsi prosesində fəal şəkildə iştirak edir.
AZƏRTAC xəbər verir ki, bunu ICESCO-nun Tərəfdaşlıq və Beynəlxalq Əməkdaşlıq sektorunun rəhbəri Anar Kərimov mayın 21-də BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən "Secure Model-Münaqişədən sonrakı şəhərlərin davamlı və gücləndirici mədəni canlanması" adlı panel sessiyada çıxışı zamanı söyləyib.
O bildirib ki, “Secure” modeli təqdim olunmazdan xeyli əvvəl ICESCO bu yanaşmanı nəzərə alaraq 2020-ci ildə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə texniki missiya təşkil edib. "Bu missiyanın əsas məqsədi dağıdılmış və zərər görmüş irs obyektlərini müəyyənləşdirmək, onları inventarlaşdırmaq və bərpa ilə bağlı tövsiyə və təkliflər hazırlamaq idi. Həmin missiya zamanı 46 irs obyekti yerində araşdırılıb, hər biri üzrə ayrıca dosye hazırlanıb və müvafiq tövsiyələr təqdim edilib", - deyə A.Kərimov qeyd edib.