Göyçayda “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır”mövzusunda tədbir keçirilmişdir
Göyçay, 22 fevral (AZƏRTAC). Fevralın 22-də Göyçay Rayon İcra Hakimiyyətində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı “Xocalı faciəsi xalqımızın qan yaddaşıdır” mövzusunda tədbir keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon ərazisində məskunlaşmış Xocalıdan olan məcburi köçkünlər, rayon icra hakimiyyətinin məsul işçiləri, idarə və təşkilat rəhbərləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə icra hakimiyyətinin başçısı Mənsur Məmmədov, Göyçay şəhərindəki 7 nömrəli orta məktəbin direktoru Adil Məmmədov, məcburi köçkünlərdən Rəhman Əhmədov, Mənsumə Hümmətova və başqaları çıxış edərək bildirmişlər ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərləri ilə birlikdə Xocalı şəhərini məhv edərək soyqırımı aktı törətmişlər. Faciə zamanı dinc insanlar qəddarcasına, dözülməz işgəncə ilə öldürülmüş, girov götürülərək ağlasığmaz zülmə, təhqirlərə məruz qalmışdır. Öldürülən və şikəst edilənlər arasında çoxlu sayda qadın, uşaq və qocalar olmuşdur.
Qeyd edilmişdir ki, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilmiş, dinc əhalinin kütləvi və amansız qırğın aktı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı ən ağır cinayət kimi qiymətləndirilmişdir. Çıxışlarda bu qanlı faciənin əsl mahiyyətinin azərbaycanlılara qarşı soyqırımı olduğunu dünya birliyinə çatdırmaq üçün daha çox işlərin görülməsinin vacibliyi qeyd olunmuşdur.
Prezident İlham Əliyevin apardığı məqsədyönlü fəaliyyət nəticəsində xalqımızın məruz qaldığı faciələrin, o cümlədən Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınacağına, işğal olunmuş torpaqlarımızın qaytarılması məsələsinin beynəlxalq hüquq normalarına uyğun olaraq yaxın vaxtlarda sülh yolu ilə öz ədalətli həllini tapacağına əminlik ifadə edilmişdir.
Tədbirin sonunda Xocalıdan olan məcburi köçkün ailələrinə rayon icra hakimiyyəti tərəfindən maddi kömək göstərilmişdir.
Fevralın 26-da faciə qurbanlarının xatirəsinə ehsan süfrəsi açılacaq, ruhuna dualar oxunacaqdır.