QAN YADDAŞI
Göyçaylılar mart soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər VİDEO
Göyçay, 31 mart (AZƏRTAC). 31 mart soyqırımı qurbanlarının xatirəsi Göyçayda da yad olunmuşdur.
AZƏRTAC xəbər verir ki, rayon icra hakimiyyətinin, idarə və təşkilat kollektivlərinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil və səhiyyə işçiləri, gənclər və məktəblilər Şəhidlər xiyabanını və “Azərbaycanlıların soyqırımı” abidə kompleksini ziyarət edərək önünə əklil və gül dəstələri düzmüşlər.
Kompleksin qarşısında keçirilən toplantıda çıxış edən rayon ziyalıları “Böyük Ermənistan” yaratmaq xülyasına düşən bədnam qonşularımız tərəfindən 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Göyçayda, Kürdəmirdə, Lənkəranda törədilən qırğınların acı xatirələrindən, soyqırımı qurbanlarının başına gətirilmiş müsibətlərdən, bu vandalizmin dünya ictimaiyyətinə çatdırılması üçün bütün imkanlardan istifadə olunmasının vacibliyindən söz açmışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev mart soyqırımı ilə əlaqədar 1998-ci il martın 26-da Fərman imzalamaqla günahsız yerə öldürülmüş on minlərlə azərbaycanlının əziz xatirəsinin, qan yaddaşımızın unudulmasına imkan verməmiş, ermənilərin isə beynəlxalq aləmdə ifşası prosesi başlanmışdır.