Göygöl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə məktəblilər üçün növbəti maarifləndirmə tədbiri keçirilib
Bakı, 7 fevral, AZƏRTAC
Göygöl Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun 1 saylı tam orta məktəbində narkomaniyanın, erkən nikahın, dini radikalizmin, tütün məhsullarından istifadənin fəsadları və yol hərəkəti qaydaları haqqında şagirdlərlə maarifləndirici görüş keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin rəisi polis polkovniki Müqalib Abdıyev şagirdlərə narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemləri diqqətə çatdırıb. Qeyd edib ki, narkomaniyanın qarşısının alınması üçün dövlət orqanları, ictimai təşkilatlar, təhsil işçiləri və valideynlər birgə mübarizə aparmalı, bu mövzuda maarifləndirici tədbirlər davamlı keçirilməlidir. Hər kəs bu istiqamətdə görülən işlərdə fəal olmalı, hüquq-mühafizə orqanları tərəfindən keçirilən profilaktiki tədbirlərdə iştirak etməlidir.
Rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Razim Yadigarlı narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışıb. Bildirib ki, narkomanlıq cəmiyyətin mənəvi, əxlaqi dəyərlərini sarsıdır, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur.
Erkən nikahın fəsadlarından söz açan rayon icra hakimiyyətinin nümayəndəsi Ceyhun Hümbətov qeyd edib ki, gənc qızlar ailənin nə demək olduğunu dərk etsələr də, onlar erkən yaşda ərə getmək haqqında yox, mükəmməl təhsil almalı, bacarıqlı mütəxəssis kimi yetişməli, milli-mənəvi dəyərlərimizə bələd olmalı, ədəbiyyatımızı, mədəniyyətimizi, tariximizi öyrənməli, geniş dünyagörüşünə malik olmalıdırlar.
Görüşdə dini radikalizm mövzusuna da toxunulub. Rayon polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru, polis baş leytenantı Vüqar Məmmədov dini radikalizmin formalaşmasından və insanlar arasında yaratdığı zərərli təsirdən bəhs edib. Bildirib ki, adətən, cəmiyyətdə əmin-amanlığı, sabitliyi pozmağı özünə məqsəd seçən belə qruplaşmaların qurbanları gənclər olur. O, gəncləri radikal qruplaşmaların yalanlarına, xurafat dolu vədlərinə, təxribatçılıq əməllərinə uymamağa və bütün bunlarla mübarizədə valideynləri fəal olmağa çağırıb.
Rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin rəisi, polis mayoru Eldəniz Həsənov belə tədbirlərin keçirilməsində məqsədin gələcəkdə uşaqların yol hərəkəti qaydalarını daha rahat və asan şəkildə mənimsəmələri, indidən onlarda küçə, yol, səki, işıqfor barəsində ilkin anlayışların formalaşdırılmasından ibarət olduğunu bildirib. O, eyni zamanda, həm müəllimlər həm də valideynlər arasında maarifləndirici tədbirlərin təşkilinin uşaqların yollarda arzuolunmaz hadisələrlə üzləşməsinin qarşısını alan əsas amillərdən olduğunu vurğulayıb.