Göygöldə Vətən müharibəsi şəhidi Tarix Həsənovun xatirəsi anılıb
Göygöl, 26 yanvar, Elcan Məmmədov, AZƏRTAC
Göygöl rayonunda 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalan Tarix Həsənovun əziz xatirəsi yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları şəhidin Göygöl rayonundakı Şəhidlər xiyabanında yerləşən məzarını ziyarət edərək önünə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Sonra şəhidin ailəsi evində ziyarət edilib.
Bildirilib ki, şəhid Həsənov Tarix Sucayət oğlu 1986-cı ilin yanvarın 30-da Ermənistanın Amasiya rayonunun Təpəkənd kəndində anadan olub. 1988-ci ildə ailəsi ilə birgə Göygöl rayonunun Çaykənd kəndinə köçüb. O, 1992-2003-cü illərdə Çaykənd kənd ümumi orta məktəbin oxuyub. 2004-cü ilin oktyabrından 2006-cı ilin aprelinədək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2009-cu ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlayıb.
Qırx dörd günlük Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib. Tarix Həsənov 2020-ci il oktyabrın 2-də Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub. 2021-ci il yanvarın 26-da Göygöl Şəhidlər xiyabanında dəfn edilib. Ölkə Prezidentinin müvafiq sərəncamlarına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şücaətə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Evli idi, 2 övladı var.