GUAM PA-nın iclasında Rəsmi məlumat və Birgə bəyanat qəbul edilib
AZƏRTAC-ın xəbər verdiyi kimi, noyabrın 10-11-də Kişineuda GUAM-ın Parlament Assambleyasının (PA) VII iclası keçirilib. İclasda GUAM-ın, Baltik Assambleyasının üzvü olan ölkələrin, Polşa Respublikası Seyminin parlament nümayəndə heyətlərinin rəhbərləri və üzvləri, QİƏT PA, TürkPA və Vışeqrad Qrupunun təmsilçiləri iştirak ediblər.
Xatırladaq ki, iclasda Elton Məmmədovun başçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyəti fəal iştirak edib.
Forumun yekunlarına görə, GUAM PA-nın rəsmi məlumatı, habelə GUAM PA, Baltik Assambleyası və Polşa Respublikasının parlament nümayəndə heyəti arasında Birgə bəyanat (ingilis dilində) qəbul edilib. Birgə bəyanatın mətni ilə GUAM-ın Kiyevdəki Katibliyinin rəsmi saytında tanış olmaq olar: http://guam-organization.org/node/1651.
Rəsmi məlumatda vurğulanır ki, GUAM-ın üzvü olan ölkələrinin həmrəyliyinin möhkəmlənməsi, onların ümumi mənafeləri prinsipial və ardıcıl surətdə qorumağa hazır olması, habelə beynəlxalq məkanda bir-birini dəstəkləməsi birinci dərəcəli məsələdir. GUAM PA qurumun məkanındakı münaqişələrin həllini tapmamasından son dərəcə narahat olduğunu təsdiq edərək, dövlətlərin başqa bir dövlətin daxili işlərinə qarışmamaq üzrə öhdəliklərini xatırladıb.
GUAM PA əmin olduğunu bildirib ki, GUAM məkanında münaqişələrin həlli BMT-nin üzvü olan ölkələrin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınan sərhədlərinin pozulmazlığı əsasında və kənardan neqativ təsir olmadan həll edilməlidir. Sənəddə vurğulanır ki, dövlətin ərazisi ələ keçirilmə və ya zor ilə təhdidin, yaxud müvafiq beynəlxalq hüquq normalarını pozaraq onun tətbiqinin nəticəsi olan hərbi işğal obyekti ola bilməz.
Hərbi əməliyyatlar, yaxud hər hansı təzyiq nəticəsində ələ keçirilən heç bir ərazi heç bir halda qanuni sayıla bilməz.
Parlament Assambleyası vurğulayır ki, Baltik Assambleyası, Benilüks Parlamenti, Vışeqrad Qrupu, habelə digər beynəlxalq və regional parlamentlərarası birliklər arasında etimada söykənən tərəfdaşlıq münasibətləri indiki halda bizim ümumi aktivimizdir.
Parlament Assambleyası beynəlxalq məkanda GUAM-ın mövqeyinə dəstəyi əlaqələndirmək üçün bundan sonra da ondan asılı olan hər şeyi edəcək.
2015-ci ildə GUAM PA-nın növbəti VIII iclasının keçirilməsi tarixi və yeri haqqında qərar diplomatik kanallar ilə razılaşdırılaraq yayılacaq.
Zeynal Ağazadə
AZƏRTAC -ın xüsusi müxbiri
Kişineu