GÜLLƏ ATICILIĞI ÜZRƏ ÖLKƏ KUBOKUNUN QALİBLƏRİ MÜƏYYƏNLƏŞMİŞDİR
Afina Olimpiya Oyunlarının bürünc mükafatçısı İradə Aşumova qadınlar arasında 10 metr məsafəyə pnevmatik və 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açmaqda qalib gəlmiş, Nigar Bağırova ikinci, Ruqiyyə Bağırova isə üçüncü yeri tutmuşlar. Hər üç idmançı “Neftçi” İSM-in təmsilçiləridir.
Pnevmatik tüfəngdən atəş açmaqda ilk üçlüyü Mehriban Məcidova (“Spartak” İC), Ülviyyə Hacıyeva (“Neftçi” İSM) və Olqa Stepanova (“Saprtak” İC) təşkil etmişlər.
10 metr məsafəyə pnevmatik və 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş açmaq üzrə kişi atıcıların mübarizəsində Şükürağa Eyvazov (MOİK) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. “Neftçi” İSM-in təmsilçiləri Emin Əhmədov və Ruslan Lyunov müvafiq olaraq ikinci–üçüncü yerləri tutmuşlar.
Pnevmatik tüfənglə yarışlarda isə fəxri diploma Ramin Quliyev (“Spartak” ic) layiq görülmüşdür. “Neftçi” İSM-in üzvü Ramin Əmirov ikinci, “Spartak” İC-in təmsilçisi Rizvan Bayramov isə üçüncü yerlə kifayətlənməli olmuşlar. Qeyd edək ki, Ramin Əmirov həm də qılıncoynatma üzrə gənclərdən ibarət yığma komandamızın üzvüdür.
Güllə atıcılığı üzrə əlil idmançıların bacarığını nümayiş etdirmək məqsədilə keçirilən müsabiqədənkənar yarışlarda isə paralimpiya yığmamızın üzvü Əkbər Muradov pnevmatik və kiçik çaplı tapançadan atəş açmaqda üçüncü yeri tutmuşdur.