MƏDƏNİYYƏT
Günay Əfəndiyeva Qırğız Respublikasının Fəxri Fərmanı ilə təltif olunub
![](/files/galleryphoto/2023/3/1200x630/17008338311553441987_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008338312240553259_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008338312623519053_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1700833831951648120_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/17008338316469940262_1200x630.jpg)
Bakı, 24 noyabr, AZƏRTAC
Bakıda Qırğız Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva arasında görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüş zamanı nazir Jeenbek Kulubayev Fondun qırğız xalqının mədəni irsinin tanıdılmasında aktiv fəaliyyətini qeyd edib. O, Fond tərəfindən tanınmış Azərbaycan şairi Adil Cəmilin "Manas" dastanının tədqiqinə həsr olunmuş kitabının, eləcə də Türk Akademiyası ilə birgə qırğız manasçısı Rısbay İsakovun redaktorluğu ilə eposun Sağımbay Orozbakov variantının nəşr olunmasını vurğulayıb.
Fondun 2018-ci ildə 90, cari ildə isə 95 illik yubileylərinin qeyd olunması çərçivəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinin təbliği yönündə gördüyü işlər yüksək qiymətləndirilib.
Günay Əfəndiyeva Fondun rəhbəri vəzifəsini icra etdiyi müddətdə göstərilən dəstəyə və etimada görə minnətdarlığını bildirərək, Qırğızıstanın mədəniyyətinin, irsinin təbliği və inkişafı sahəsində Fondun fəaliyyətindən bəhs edib. Bildirilib ki, Fondun təşkil etdiyi çoxsaylı multikultural tədbirlərdə qırğız xalqının ədəbiyyatı, epik irsi, incəsənəti geniş şəkildə təmsil olunub.
Görüşün sonunda nazir Jeenbek Kulubayev Qırğız Respublikasının Prezidenti Sadır Japarovun adından Günay Əfəndiyevaya Qırğızıstanın mədəniyyətinin və irsinin Türk dünyasında yayılması yönündə xidmətlərinə görə Qırğız Respublikasının Fəxri Fərmanını təqdim edib.