Günay Rəfibəyli: Mədəniyyət və incəsənət adamlarına dövlətimizin başçısı həmişə qayğı göstərib
Bakı, 4 mart, AZƏRTAC
Ölkəmizdə təhsil, mədəniyyət və incəsənətin inkişafı həmişə diqqət mərkəzində olub. Bu sahələrdə son dövrdə bir çox islahatlar aparılıb. İslahatlar nəticəsində müəllim peşəsini seçən abituriyentlərin sayı xeyli artıb, 3200-dən çox məktəb tikilib. Tələbələrin və doktorantların təqaüdləri artırılıb. Mədəniyyət və incəsənətin inkişafına, bu sahələrdə çalışan insanlara dövlətimizin başçısı həmişə xüsusi diqqət və qayğı göstərib.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universitetinin ingilis dili kafedrasının baş müəllimi, dosent Günay Rəfibəyli deyib.
O qeyd edib ki, martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü bu səmimi münasibəti bir daha sübut edir. Görüş zamanı dövlətimizin başçısı mədəniyyət və incəsənət xadimləri ilə fikir mübadiləsi aparıb. Onların xahiş və təkliflərini dinləyib.
Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin kitablarının latın qrafikası ilə çapdan çıxması, teatr, muzeylərin əsaslı təmiri, tikilməsi və digər görülən işlər göz qabağındadır. Bu nailiyyətlər Prezident İlham Əliyevin mədəniyyətimizə, incəsənətimizə, ədəbiyyatımıza və ana dilimizə sonsuz rəğbəti və sevgisi nəticəsində əldə edilib.