Gürcüstan hökumətinin yeni 3 illik fəaliyyət proqramında regional layihələrin inkişaf perspektivləri qeyd olunub
Tbilisi, 19 dekabr, AZƏRTAC
Gürcüstan hökumətinin 2021-2024-cü illər üzrə proqramında regional enerji, logistika və nəqliyyat layihələri, ölkənin bu layihələrdə iştirakı və əldə edəcəyi gəlirlər barədə maddə nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, fəaliyyət proqramında Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən də bəhs olunur. Bildirilir ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanması Asiya və Avropa arasında yüklərin daşınması üçün tələb olunan vaxtı əhəmiyyətli dərəcədə qısaldıb. Layihənin başa çatdırılması Gürcüstana əlavə yük axınlarının cəlb olunmasına zəmin yaradır.
Qeyd edilir ki, tranzit dəhlizinin rəqabətliliyini artırmaq üçün beynəlxalq nəqliyyat sistemlərinə inteqrasiya və regional əməkdaşlıq davam etdiriləcək.
Proqramda tərəfdaş ölkələrlə dəhlizin rəqəmsallaşdırılması üzrə işlərin aparılmasının planlaşdırıldığı bildirilir. Eyni zamanda, rəqəmsal platformanın yaradılması nəzərdə tutulub ki, bu da Gürcüstan üzərindən yükdaşımaların effektivliyini artıracaq və dayanıqlılığını təmin edəcək. Proqrama əsasən, Gürcüstanda dəmir yolu ilə yükdaşımaların payının artırılması və yol infrastrukturunun aşınmasını azaltmaq üçün konteyner daşımalarının inkişafı üzrə işlər də davam etdiriləcək.
Qeyd edək ki, proqram təsdiq edilmək üçün artıq parlamentə təqdim olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi