Gürcüstan hökumətinin yeni tərkibi bəlli olub
Tbilisi, 18 dekabr, AZƏRTAC
Gürcüstan hökumətinin yeni tərkibi müəyyən olunub. Baş nazirin vəzifəsini icra edən Giorgi Qaxariya rəhbərlik edəcəyi Nazirlər Kabinetində yer alacaq nazirlərin siyahısını və hökumətin gələcək illik fəaliyyət proqramını parlamentə təqdim edib.
AZƏRTAC xəbər verir ki, hökumətə etimad göstərilməsi məsələsi gələn həftədən qanunverici orqanın komitə və fraksiyalarında müzakirə olunacaq.
Parlamentdə etimad üçün ən azı 76 deputatın dəstəyi tələb olunur. Hökumətin yeni tərkibinin gələn həftə təsdiqlənəcəyi gözlənilir.
Sənədə əsasən, yeni hökumətdə yalnız bir yeni nazir təmsil olunacaq. O, vakant olan ədliyyə naziri vəzifəsinə namizəd Qoça Lordkipanidzedir.
Gürcüstanın elm, təhsil, mədəniyyət və idman naziri vəzifəsinə Mixail Çxenkeli, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri vəzifəsinə Levan Davitaşvili, iqtisadiyyat və davamlı inkişaf naziri vəzifəsinə Natia Turnava, ədliyyə naziri vəzifəsinə Qoça Lrodkipanidze, məcburi köçkünlərin işləri, əmək və səhiyyə və sosial müdafiə naziri vəzifəsinə Yekaterina Tikaradze, müdafiə naziri vəzifəsinə İrakli Qaribaşvili, regional inkişaf naziri vəzifəsinə Mayya Tskitişvili, xarici işlər naziri vəzifəsinə David Zalkaliani, maliyyə naziri İvane Maçavariani, daxili işlər naziri vəzifəsinə Vaxtanq Qomelauri, barışıq və vətəndaş bərabərliyi dövlət naziri vəzifəsinə isə Tea Axvledianinin namizədliyi irəli sürülüb.
Əvvəlki nazirlərdən yalnız ədliyyə naziri Tea Çulukiani bu hökumətdə yer almayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi