Gürcüstan Müdafiə Nazirliyi yeni pilotsuz uçuş aparatları almağı planlaşdırır
Tbilisi, 22 dekabr, AZƏRTAC
Gürcüstan Müdafiə Nazirliyi ölkənin müdafiə qüdrətini artırmaq və dayanıqlı təhlükəsizliyini təmin etmək üçün 2021-ci ildə operativ, taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları (PUA) alacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri vəzifəsini icra edən İrakli Qaribaşvili dekabrın 22-də parlamentdə yeni hökumət proqramının müdafiə hissəsini təqdim edərkən deyib.
İ.Qaribaşvili bildirib: “Gürcüstan 2018-ci ildə Fransa istehsalı olan hava nəzarət radarları, mobil komanda məntəqəsi və “Mistral-3” zenit-raket kompleksləri alıb. Gələn il bu müqavilənin ikinci mərhələsi uğurla davam edəcək. Nazirlik üçün gələn il operativ və taktiki kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları alınacaq”.
Onun sözlərinə görə, növbəti illərdə nazirliyin manevr və artilleriya bölmələri müasir uçan kəşfiyyat avadanlığı ilə təchiz olunacaq, radioelektron və kəşfiyyat müşahidə vasitələri inkişaf etdiriləcək. 2018-ci ildə Fransa ilə imzalanmış müqavilənin birinci mərhələsi başa çatıb. 2021-ci ildə bu müqavilənin ikinci mərhələsinin uğurla başa çatacağı gözlənilir.
“Biz İsrail ilə Gürcüstandakı “Rafael” zenit sisteminin yenilənməsinə və modernləşdirilməsinə imkan verəcək müqavilə də imzalamışıq”, - deyə İ.Qaribaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi