Gürcüstan Prezidenti: Azərbaycan ilə dostluq münasibətlərimiz nümunəvi xarakter daşıyır
Tbilisi, 22 iyul, AZƏRTAC
Azərbaycan ilə Gürcüstan arasında etimad, qarşılıqlı hörmət, bərabərlik və milli maraqların nəzərə alınması prinsiplərinə əsaslanan dostluq və sıx əməkdaşlıq münasibətləri nümunəvi xarakter daşıyır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşündə söyləyib.
Gürcüstan Prezidenti X platformasında görüş barədə paylaşım edib.
O, Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə göstərdiyi sarsılmaz dəstəyə görə Azərbaycan tərəfinə bir daha təşəkkür edib. Bildirib ki, görüşdə ölkələrimiz arasında mövcud dostluq, tərəfdaşlıq və iqtisadi münasibətlərin müxtəlif istiqamətlərdə dərinləşdirilməsi və inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.
"Azərbaycanın xarici işlər naziri ilə kifayət qədər səmərəli görüşüm oldu. Bildiyiniz kimi, biz Azərbaycan ilə strateji tərəfdaşıq. Biz çox mühüm layihələrdə birgə iştirak edirik, eyni zamanda, bir çox məsələlərdə razıyıq. İqtisadi sahədə də kifayət qədər maraqlı layihələr həyata keçirmək niyyətindəyik. Azərbaycanla münasibətlərimizin nümunəvi olduğunu hər zaman qeyd edirik, əminəm ki, bu əlaqələr daha da möhkəmlənəcək və inkişaf edəcək”, - deyə Mixeil Kavelaşvili görüşün nəticələri barədə bildirib.
O qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda uzunmüddətli, davamlı sülhün və sabitliyin bərqərar edilməsinə sarsılmaz tellərlə sadiqdir və lazım gəldikdə bu prosesə öz töhfəsini verməyə hazırdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi