GÜRCÜSTAN PREZİDENTİ MİXAİL SAAKAŞVİLİNİN NİTQİ
Mən bu gün dedim ki, sovet dövründə Sovet İttifaqında yaşamış bütün millətlər qardaş adlanırdılar. İttifaq dağılan kimi məlum oldu ki, onların əksəriyyəti bir-birinə, yumşaq desək, çox da səmimi hisslər bəsləmir. Lakin Gürcüstanla Azərbaycan arasındakı münasibətlər, əksinə, daha da möhkəmləndi, yaxın və daha sərbəst oldu. Deməli, bu, bizim qanımızdadır, deməli, buna heç nə heç vaxt mane ola bilməz. Hesab edirəm ki, bizim iki xalq arasında çox möhkəm tarixi və genetik əlaqələr vardır. Mən hətta Gürcüstanda etnik gərginliyin hər vasitə ilə qızışdırılmasına cəhd göstərilən vaxtları xatırlayıram. Həmvətənlərimizdən buna əsla uymayan yeganə qrup azərbaycanlılar olmuşlar. Biz bunu da xüsusi qiymətləndirməli və qeyd etməliyik.
Bu gün biz yeni lideri, postsovet məkanı üçün çox qeyri-adi olan lideri, öz ölkəsi və bütün region üçün rəhbərliyin yeni üslubunu həyata keçirən lideri, həmişə bel bağlamaq mümkün olan dostu qarşılayırıq. Bu, sadəcə, söz deyil, bu, həqiqətən belədir. Bizim bir-birimizdən çəkindiyimiz naqisliyimiz yoxdur, biz əsl dostlar, qardaşlar kimi bir-birimizə həmişə güvənə bilərik. Mən hesab etmirəm ki, siyasətdə dostluq ola bilməz, bizim dostluğumuz, münasibətlərimiz bunu sübut etmişdir. Bu bir yana, demək istəyirəm ki, siyasət əsl dostluq üçün daha böyük imkanlar yaradır. İnsanı uşaq bağçasından tanımaq olar, amma həlledici məqamda o, sənə xəyanət edər və səni taleyin ümidinə buraxa bilər. Siyasətdə isə əsl qardaş dostluğunun sınaqdan çıxarıldığı həlledici məqamlar olur. Siyasət mənə Gürcüstanın daxilində də olduqca çox dostlar vermişdir. Xoşbəxtəm ki, mənim beynəlxalq münasibətlərdə də həqiqətən əsl dostum, qardaşım var. O, İlham Heydəroviçdir, onun ətrafındakılar, onun ailəsidir, əziz dostlar, sizsiniz.
Mən bu badəni əziz qonaqlarımızın şərəfinə, Azərbaycan Prezidentinin şərəfinə, onun çox gözəl xanımının şərəfinə, sizin hamınızın, buraya gələnlərin hamısının şərəfinə, dostluğumuzun şərəfinə qaldırmaq istəyirəm.