Gürcüstan universitetlərində xarici ölkələrin 12 mindən çox nümayəndəsi təhsil alır
Tbilisi, 1 mart, AZƏRTAC
Gürcüstan ali məktəblərində xarici ölkələrdən 12 min nəfərdən çox tələbə təhsil alır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, 2018-2019-cu tədris ilində Gürcüstan ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı 12 min 234 nəfər təşkil edib. 2017-2018-ci tədris ilində isə bu rəqəm 10 min 74 nəfər olub.
Gürcüstan ali məktəblərində təhsil alan xarici tələbələr sırasında Hindistan vətəndaşları üstünlük təşkil edir.
Hazırda Gürcüstanda 6 min nəfər Hindistan vətəndaşı təhsil alır. Azərbaycandan gəlmiş tələbələrin sayı 2124, İrandan gələn tələbələrin sayı 759, Rusiyadan gələn tələbələrin sayı isə 306 nəfərdir.
Xarici tələbələr sırasında Türkiyə, Pakistan, Əfqanıstan, Ermənistan, Suriya vətəndaşları da var.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi