Gürcüstanda 20 Yanvar şəhidinin məzarı ziyarət olunmuşdur
Tbilisi, 20 yanvar (AZƏRTAC). Yanvarın 19-da Gürcüstanda 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı tədbirlər davam etdirilmişdir. Həmin gün Bolnisi rayonu Faxralı kəndinin sakini 20 Yanvar şəhidi İlqar Əhmədovun məzarı ziyarət olunmuşdur.
Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn və səfirliyin əməkdaşları məzarın üstünə əklil qoyduqdan sonra şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra İ.Əhmədovun ailəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ehsan süfrəsi açılmışdır.
Marneulidə azərbaycanlıların mədəniyyət mərkəzində yanvar faciəsi ilə bağlı tədbiri mərkəzin rəhbəri Fazil Həsənov açmış və ötən əsrin sonlarında imperiyanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər barədə danışmışdır. İştirakçılara şəhid Ülvi Bünyadzadənin Azərbaycan və gürcü dillərində işıq üzü görmüş “Ömür yolu” kitabı paylanmışdır. 20 Yanvar şəhidi 20 yaşlı Ülvinin andı, sabaha baxışı barədə söhbət açılmış, bunların müasir gənclik üçün nümunə olduğu vurğulanmışdır.
F.Həsənov həm Azərbaycanda, həm də Gürcüstanda ciddi müqavimətlə rastlaşan milli-azadlıq hərəkatının ağır itkilər versə də, qalib gəldiyini qeyd etmişdir.
Tarix müəllimi Nərgiz Nəbiyeva, şair Osman Əhmədoğlu və başqaları 20 Yanvar faciəsinin xalqımızın şüurunda dönüş yaratdığını, tariximizin dəyərli səhifəsi olduğunu vurğulamışlar.
Sonra mərasim azərbaycanlıların yığcam məskunlaşdığı daha bir bölgədə, Kaxetinin Qaraçöp mahalında davam etdirilmişdir. Mərasim Qaraçöpdəki məşhur memar Zahid Hüseynovun 20 Yanvar Bakı və 9 Aprel Tbilisi şəhidlərinin abidəsinin ziyarətilə başlamışdır. Səfir Azər Hüseyn abidə önünə gül dəstəsi qoymuşdur. Sonra səfir yerli əhali ilə söhbət etmiş, onların problemləri ilə maraqlanmışdır. Səmimi söhbət bu bölgədən olan şəhid Ələsgər Qayıbovun ailəsində davam etdirilmişdir. Hər yerdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunmuş, onların ruhuna Qurani-Kərimdən dualar oxunmuşdur.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi