Gürcüstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
Tbilisi, 23 fevral (AZƏRTAC). Gürcüstanın Kvemo Kartli-Borçalı bölgəsinin Marneuli şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir.
Fevralın 23-də Gürcüstan Azərbaycanlılarının Mədəniyyət Mərkəzində keçirilmiş anma mərasimində faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ermənilərin Xocalı şəhərinin dinc əhalisinə qarşı törətdikləri ağlasığmaz vəhşiliklərdən bəhs edən film nümayiş olunmuşdur.
Burada, həmçinin Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş Xocalı soyqırımının əks olunduğu kitablar, fotoşəkillər nümayiş etdirilmişdir.
Azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov qeyd etmişdir ki, hər il olduğu kimi, bu il də Gürcüstanda Xocalı soyqırımının ildönümü qeyd edilir. XX əsrdə erməni cəlladları tərəfindən insanlığa qarşı törədilmiş bu dəhşətli cinayət heç vaxt gürcüstanlı soydaşların qan yaddaşından silinməyəcəkdir. Bu, hər bir azərbaycanlının qəlbini göynədən faciədir. Ermənilər öz himayədarları ilə birlikdə Xocalı şəhərini bir gecədə xəritədən silmiş, əhaliyə misli görünməmiş işgəncə vermiş, yüzlərlə adam qəddarlıqla qətlə yetirilmiş, mindən çox şəhər sakini əsir götürülmüşdür.
Ulu öndər Heydər Əliyev ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş Xocalı qırğınının öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi cinayət olduğunu bəyan etmişdir. Ulu öndərin bu bəyanatı dünya ictimaiyyətində hadisəyə münasibətdə dönüş yaratdı, Azərbaycan həqiqətləri beynəlxalq aləmə ayaq açdı.
Azərbaycan Tbilisidəki səfiri Namiq Əliyev, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, politoloq Badri Naçkebia əsas diqqəti Xocalı soyqırımının törədilməsi səbəblərinə, bu qanlı aksiyanın təşkilatçılarının və icraçılarının qəddar niyyətlərinə yönəltmişlər. Çıxışlarda, həmçinin Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın dünya ictimaiyyətinin Azərbaycan həqiqətləri barədə obyektiv məlumatlandırılması istiqamətində həyata keçirdiyi genişmiqyaslı təbliğat işlərindən söhbət açılmışdır.
Tədbirin iştirakçıları Xocalı soyqırımına siyasi qiymət verilməsi ilə bağlı dünya ictimaiyyətinə müraciət qəbul etmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
######
