GÜRCÜSTANDAKI SOYDAŞLARIMIZA QAYĞI DİQQƏT MƏRKƏZİNDƏDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, bu günlərdə dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə Şəmkir rayon rəhbərliyinin nümayəndələri Borçalı bölgəsinin Baş Keçid (Dmanisi) rayonunda olmuş, rayon mərkəzindəki xəstəxanaya, Ermənistanla sərhəddə yerləşən Yırğançay və Gödəkdağ kəndlərinə baş çəkmişlər. Kəndlərin sakinləri ilə görüşən şəmkirlilər özləri ilə gətirdikləri maddi yardımı, buradakı məktəblərə isə Heydər Əliyev və İlham Əliyevin fəaliyyətindən bəhs edən kitablar təqdim etmişlər.
Bununla əlaqədar hər iki yaşayış məntəqəsində kənd camaatının, o cümlədən müəllim və şagirdlərin iştirakı ilə yığıncaqlar keçirilmişdir. Yığıncaqlarda çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin Borçalıda yaşayan soydaşlarımızın övladlarına da qayğı göstərdiyini, 1994-cü ildən bəri onun tapşırığı ilə Gürcüstandakı bütün Azərbaycan məktəblərinin dərslik və digər tədris ləvazimatı ilə təmənnasız təmin edildiyini minnətdarlıqla vurğulamışlar. Onlar qeyd etmişlər ki, gürcüstanlı soydaşlarımız öz prezidentlərinin ilk səfərlərindən birini məhz Azərbaycana etməsini sevinclə qarşılamışlar. Onun prezident İlham Əliyevlə görüşlərindən və çıxışlarından, səfər zamanı imzalanmış taleyüklü sənədlərdən çox məmnun qalmışlar və inanırlar ki, Azərbaycan dövlətinin borçalılara ümummilli liderimiz Heydər Əliyev kimi qayğı və diqqət göstərən başçısı İlham Əliyev həmkarı Mixail Saakaşvilinin dəvəti ilə Gürcüstana cavab səfərinə gələrkən Borçalıda da olacaqdır. Natiqlər əmin olduqlarını bildirmişlər ki, Azərbaycanla Gürcüstan arasında tarixi dostluğun möhkəmlənməsinə şanlı səhifələr yazmış dünya şöhrətli siyasi xadim Heydər Əliyevin uzaqgörən siyasətini layiqincə davam etdirən İlham Əliyev Mixail Saakaşvili ilə birlikdə Cənubi Qafqazın bir çox problemlərinin, ilk növbədə Dağlıq Qarabağ və gürcü-abxaz münaqişələrinin dincliklə nizama salınmasına nail olacaqdır.
Tədbirlərdə Şəmkir Rayon İca Hakimiyyəti başçısının müavini, rayon Ziyalılar Birliyinin sədri Sayad Rüstəmov çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Gürcüstandakı azərbaycanlılara hər cür yardım bundan sonra da davam etdiriləcəkdir.