Gürcüstanın dövlət sərhədində yüksəksürətli fiber-optik şəbəkə infrastrukturu yaradılır
Tbilisi, 8 iyul, AZƏRTAC
Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin Əməliyyat-Texniki İdarəsi sərhəd təhlükəsizliyini yaxşılaşdırmaq üçün dövlət sərhədinin müxtəlif hissələrində yüksəksürətli fiber-optik şəbəkə infrastrukturu tikir.
AZƏRTAC xəbər verir ki, Gürcüstan hökuməti dövlət sərhədinin 35 sektorunda müvafiq şəbəkə yaradacaq.
Bu məqsədlə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Müdafiə Təhdidlərinin Azaldılması Agentliyi ilə sıx əməkdaşlıq edilir. Artıq ABŞ tərəfi Gürcüstana müxtəlif texniki avadanlıq təqdim edib.
Məsələ bu gün DTX-nin Əməliyyat-Texniki Agentliyin direktoru Beka Mamardaşvilinin ABŞ-nin Müdafiə Təhdidlərinin Azaldılması Agentliyinin Qafqaz Regional Ofisinin rəisi Devid Kennedi ilə görüşdə müzakirə olunub.
Bildirilib ki, yüksəksürətli şəbəkənin inkişafı layihəsi çərçivəsində Gürcüstan Əməliyyat-Texniki Agentliyi dövlət sərhədində bir neçə yoxlama aparıb. Artıq bəzi ərazilərdə fiber-optik şəbəkə infrastrukturu quraşdırılıb.
Qeyd edək ki, bu ilin fevral ayında Sərhəd Polisi "Lekiskuresh" sərhəd sektorunda peyk yayımı həyata keçirib. Hazırda işlər davam etdirilir.