Gürcüstanlı ekspert: Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq çox önəmlidir
Bakı, 5 dekabr, Aytac Haqverdiyeva, Səfiyar Məcnun, AZƏRTAC
Gürcüstan və Azərbaycan arasında əməkdaşlıq çox önəmlidir. Təcrübəmiz göstərir ki, son illərdə ölkələrimiz qarşısında oxşar çağırışlar yaranıb və bu çağırışlarla təkbaşına mübarizə aparmaq mümkün deyil.
Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Gürcüstanın “Eurocracy - Former Europe” proqramının aparıcısı İoane Şaişmelaşvili deyib.
“İki ölkədə də informasiya manipulyasiyaları müşahidə olunur. Bu səbəbdən bizim üçün, məlumatların düzgün paylaşılması, dezinformasiya ilə mübarizə aparmaq vacibdir. Çünki problemlərin mahiyyəti oxşardır. Belə ki, üçüncü tərəflər bizi hədəf alaraq oxşar üsullardan istifadə edirlər. Bu səbəbdən məlumat mübadiləsi çox önəmlidir – nəyi təkbaşına, nəyi birlikdə edə biləcəyimizi müzakirə etmək vacibdir”, - deyə gürcüstanlı ekspert vurğulayıb.
O qeyd edib ki, dezinformasiya, saxta xəbərlər bu gün cəmiyyətin ən böyük problemlərindən biridir və ölkələrimiz üçün ciddi təhlükə yaradır: “Dezinformasiya – məlumatın bir hissəsinin doğru olmaması deməkdir, saxta xəbər isə məlumatın tamamilə yalan olmasıdır, lakin cəmiyyətə yayılır. Problemin mahiyyəti ondadır ki, yalan məlumat, saxta xəbərlər doğru və etibarlı məlumatdan daha sürətlə yayılır. Ona görə də bu problemlə mübarizə çox önəmlidir. Əlbəttə, biz televiziyalar və ya məlumat yayan digər qurumlara qarşı məhkəməyə müraciət edə bilərik. Lakin məhkəmə prosesi aylar, bəzən illər çəkir və nəticəni gec əldə edirik. Buna görə də qanunvericilik və media platformalarında məsuliyyətin müəyyən olunması vacibdir. Hər bir jurnalist, aparıcı, müəllif, ekspert bilməlidir ki, əgər onların məlumatında yalan varsa və onlar bunu yayırsa, bunun məsuliyyətini daşıyacaqlar. Media platformalarında siyasi maraqları olan şəxslər də bilməlidir ki, onlar söylədiklərinə görə məsuliyyət daşıyırlar.
Bu səbəbdən Gürcüstan və Azərbaycan mediasının əməkdaşlığı, təcrübə paylaşımı və dezinformasiyaya qarşı birgə mübarizə çox vacibdir”.