HACI MƏMMƏDOVUN BAŞÇILIQ ETDİYİ BANDANIN FƏAL ÜZVLƏRİNDƏN BİRİ TUTULMUŞDUR
Hacı Məmmədovun başçılıq etdiyi bu bandanın fəal üzvlərindən biri - 1954-cü il təvəllüdlü Bakı şəhər sakini, 2002-ci ildən təqaüddə olan sabiq polis əməkdaşı Abdullayev Nizami Abbas oğlu adam oğurluğu və banditizm cinayətlərində iştirak etdiyinə görə, 2005-ci il martın 12-də təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Lakin istintaqdan qaçıb gizləndiyinə görə, Baş prokurorun təqdimatı əsasında Bakı şəhəri Səbail rayon məhkəməsi tərəfindən onun haqqında həbs qətimkan tədbiri seçilmiş və barəsində axtarış elan olunmuşdur. Əməliyyat yolu ilə Nizami Abdullayevin Rusiya Federasiyasının Jeleznovodsk şəhərində gizlənməsi müəyyən edilmiş, bu ölkənin xüsusi xidmət orqanları ilə birgə keçirilmiş tədbirlər nəticəsində o, yaxalanmış və cari il yanvarın 4-də Azərbaycana ekstradisiya olunmuşdur.
Müəyyən edilmişdir ki, Nizami Abdullayev 2005-ci il martın 10-da Hacı Məmmədovun və bandanın digər üzvlərinin həbs edilməsi xəbərini eşitdikdən sonra təşvişə düşərək, ölkədən qaçmaq qərarına gəlib Moskva şəhərinə uçmuş, ertəsi gün isə, axşam reysi ilə Ukraynanın Donetsk şəhərində yaşayan yaxın qohumlarının yanına getmişdir. Təxminən 3-4 gün Donetsk, Mariupol, Rostov və Novoçerkassk şəhərlərini dolaşan Nizami Abdullayev Pyatiqorska gəlmiş və orada biznes əlaqələri qurmaq məqsədi ilə hələ bir neçə il bundan əvvəl tanış olduğu milliyyətcə ermənilər Arsen və ehtiyatda olan milis polkovniki Ovanes adlı şəxslərlə görüşmüşdür. Bu şəxslərin köməyi ilə Nizami Abdullayev Jeleznovodsk şəhərində 1 otaqlı mənzil kirayələmişdir. Aprel ayının sonlarında Ovanes yerli hüquq mühafizə orqanlarının onunla maraqlanması barədə Nizami Abdullayevə məlumat vermiş, artıq Jeleznovodskda qalmağın təhlükəli olduğunu bildirərək, Vladiqafqaza getməyi və 8 min ABŞ dolları məbləğində pul verəcəyi təqdirdə, Rusiya Federasiyasının saxta pasportunu düzəltməyi vəd etmişdir. Lakin Nizami Abdullayev Vladiqafqaza getmək istəmədiyini bildirərək, başqa mənzil kirayələmək fikrində olduğunu söylədikdə, Ovanes buna etiraz etməyərək, kirayələyəcəyi mənzilin ünvanını ona bildirməyi tapşırmışdır.
Ovanesin köməyi ilə Nizami Abdullayev Hacı Məmmədovun Kursavkada yaşayan, əvvəllər tanıdığı qohumunun telefon nömrəsini əldə edərək, onunla danışmış və Bakıya gedərək, böyük bacısından pul alıb gətirməsini xahiş etmişdir. 2005-ci ilin yay aylarında Ovanes həmin şəxslə görüşərək, Nizami Abdullayevin ailə üzvlərinin göndərdiyi 2500 ABŞ dolları məbləğində pulu ondan almışdır. Nizami Abdullayev həmin pulun bir hissəsini Ovanesə vermişdir.
İstintaqa verdiyi ifadəsində Nizami Abdullayev özünün iştirakı ilə banda üzvlərinin törətdiyi bir çox qəsdən adamöldürmə, quldurluq və digər tamah-zorakı yönümlü cinayətləri, eləcə də bandada fəaliyyəti dövründə cinayətkar yolla əldə olunmuş pulların bölgüsündə Hacı Məmmədov tərəfindən ona ümumilikdə 430 min ABŞ dolları məbləğində pul verildiyini etiraf etmişdir.
Bu təhlükəli bandanın digər üzvlərinin və cinayətlərin bütün iştirakçılarının ifşa olunması, onlar tərəfindən törədilmiş hüquqazidd əməllərin tam aşkarlanması istiqamətində zəruri istintaq hərəkətləri, əməliyyat-axtarış tədbirləri davam etdirilir və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.