Hacıqabulda Ağdam sakininin 10 min dollarını quldurluq yolu ilə alan şəxs saxlanılıb
Bakı, 17 iyun, AZƏRTAC
Cari il yanvarın 28-də Hacıqabul rayonunun Muğan kəndi ərazisində Ağdam rayon sakini Adil Kərimov avtomobillə vurulub və hadisə yerində ölüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Baş Dövlət Yol Polisi İdarəsi, Baş İstintaq və Təhqiqat İdarəsi və Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində A.Kərimovun Qobustan rayon sakini O.Güləliyevin idarə etdiyi “MAN” markalı avtomobillə vurulduğu müəyyən edilib. Yol qəzasını törədərək hadisə yerindən yayınmış O.Güləliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Mərhumun qardaşı A.Kərimov ərizə ilə müraciət edərək hadisə baş verən gün saat 1 radələrində avtomobillə vurulmamışdan öncə mərhumun Muğan kəndi ərazisində naməlum şəxslər tərəfindən döyülərək üzərində olan 10 min ABŞ dollarının götürülməsi barədə məlumat verib.
Məlumatla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini E.Yusibov müəyyən edilərək saxlanılıb.
E.Yusibov A.Kərimovla Bakıdan Gəncəyə taksi ilə birlikdə getdiklərini, həmin zaman Adilin üzərində 10 min ABŞ dolları olduğunu bildiyindən Muğan kəndi ərazisindəki yolüstü dayanacaqların birində quldurluq yolu ilə həmin pulu ələ keçirdiyini etiraf edib.
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.