Hacıqabulda bu günə kimi 3 tondan çox barama istehsal olunub
Hacıqabul, 19 iyun, Mahir Babayev, AZƏRTAC
Dördüncü ildir ki, Hacıqabulda ipəkqurdu bəslənilməsinə başlanılıb. Ölkədə bu sahənin inkişafına yenidən önəm verilməsi hacıqabullu kümçülər tərəfindən də razılıqla qarşılandı. İndi onlarla rayon sakini təsərrüfatın bu gəlirli sahəsinə göstərilən dövlət dəstəyindən yararlanmaq üçün aidiyyəti qurumlarla müqavilələr bağlayaraq barama istehsalı ilə məşğul olmağa başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ötən il rayonda 59 kümçü ipəkqurdu bəsləyib və 2 ton 912 kiloqram məhsul istehsal olunub. Bu il isə 59 ailəyə ipəkqurdu toxumu paylanılıb. Kümçülərin bu sahədə təcrübəsinin az olmasına baxmayaraq, mütəxəssislərin məsləhətlərinə düzgün əməl olunması nəticəsində yaxşı məhsul əldə olunub. Artıq bir neçə gündür ki, rayonda barama tədarükünə başlanılıb. Bu günə kimi tədarük məntəqəsinə 3 ton 580 kiloqram barama təhvil verilib. Rayonun Abdullabad, Qarasu, Nəvahi və Meyniman kəndlərinin kümçülərinin istehsal etdikləri məhsul yüksək keyfiyyətlə qəbul olunur.
Kümçü Budaq Cəfərov üçüncü ildir ki, ipəkqurdu toxumu götürüb, bəsləyir. “Rayonda barama istehsalına yenidən başlanması mənim də ürəyimcə olub. Bu il 2 qutu ipəkqurdu toxumu götürüb bəsləmişəm. Bu günə kimi 80 kiloqram barama tədarük etmişəm. Hələ kümxanada toplanmamış məhsulum var. Hesablamama görə, bundan sonra daha 10 kiloqrama yaxın barama olacaq”, - deyə kümçü bildirib.
Rayonda barama tədarükü davam edir.