HAKİMLİYƏ NAMİZƏDLƏRƏ KÖMƏK MƏQSƏDİ İLƏ İLKİN TƏDRİSƏ BAŞLANILMIŞDIR
Ədalət mühakiməsinin səmərəliliyinin artırılması üzrə həyata keçirilən tədbirlər çərçivəsində Məhkəmə-Hüquq Şurası tərəfindən hakim vəzifəsinə namizədlərin seçilməsi prosesinə yenidən başlanılması barədə elan verilmiş və artıq 500-dək şəxs sənədlərini təqdim etmişdir.
2005-ci ildə hakim vəzifəsinə seçim zamanı müsabiqədə iştirak edən hakimliyə namizədlərin böyük əksəriyyətinin kifayət qədər hazırlıq nümayiş etdirə bilmədiklərini nəzərə alaraq, bu il sənəd verən namizədlərin imtahanlarda iştirak etməzdən əvvəl hazırlaşmaları üçün Məhkəmə-Hüquq Şurası tərəfindən müvafiq kurs təşkil edilmişdir.
Ədliyyə Nazirliyinin Hüquq-Tədris Mərkəzində keçirilən kursun açılışı olmuşdur. Tədbirdə hakimliyə namizədliyini irəli sürmüş şəxslərdən 78 nəfərinin bu kurslarda iştirak üçün müraciət etdiyi bildirilmiş və onların hamısının istisnasız olaraq kursa cəlb olunduğu diqqətə çatdırılmışdır. Kurslarda hüququn müxtəlif sahələri üzrə aktual məsələlərə dair təcrübəli mütəxəssislərin mühazirələrinin nəzərdə tutulduğu qeyd olunmuş, dinləyicilərə uğurlar arzu edilmişdir.
Sonra Bakı Dövlət Universitetinin dosenti, Ali Məhkəmənin hakimi Bağır Əsədov dinləyicilər qarşısında mülki hüququn nəzəri və təcrübi problemlərinə dair mühazirə ilə çıxış etmiş, dinləyiciləri maraqlandıran suallara cavab vermişdir.