HAVA ŞƏRAİTİNİN YARATDIĞI PROBLEMLƏR OPERATİV HƏLL EDİLİR
AZƏRTAC xəbər verir ki, son günlər yağan qar, yolların buz bağlaması, havaların şaxtalı keçməsi Mingəçevirdə də bir sıra problemlər yaratmışdır. Əlaqədar təşkilatların şəhər sakinləri ilə birgə həyata keçirdiyi operativ tədbirlər nəticəsində çətinliklər aradan qaldırılmış, sənaye-istehsal müəssisələrinin, xüsusilə Azərbaycan Dövlət Rayon Elektrik Stansiyası və Mingəçevir SES-in fasiləsiz fəaliyyəti təmin edilmiş, enerji hasilatında azalma olmamış, ətraf bölgələrlə nəqliyyat, rabitə əlaqələrinin kəsilməsinə yol verilməmişdir.
Şəhər icra hakimiyyətində keçirilən müşavirədə mövcud problemlər müzakirə olunmuş, onların həlli yolları, qış mövsümündə şəhər təsərrüfatının ahəngdar işləməsi üçün qarşıda duran vəzifələr müəyyən edilmişdir. Əhalinin elektrik enerjisi və mavi yanacaqla təminatında əvvəllər baş verən fasilələr aradan qaldırılmışdır.